Ermənistanın baş naziri Nikol Paşinyan bir daha özünü “obyektiv qarşısında” sınayıb.
Musavat.com xəbər verir ki, bu dəfə o, İrəvan küçələrində gəzərkən çəkilən yeni video ilə gündəmə gəlib.
Paşinyan sosial şəbəkələrdə paylaşdığı videoda şəhər mərkəzində piyada gəzir, mağazalardan birində özünə şlyapa seçir, insanlarla şəkil çəkdirir və bu anların hamısı peşəkar şəkildə lentə alınır.
Musavat.com-un müşahidələrinə görə, jurnalistlik keçmişinə görə Paşinyan hər zaman kameranı sevir. O, demək olar ki, həyatının bütün anlarını videoya çəkdirir – istər yemək bişirərkən, istər velosiped sürərkən, istər Paris, Strasburq, yaxud ABŞ səfərlərində küçələrdə gəzərkən.
Bu dəfə isə onun yanında artıq peşəkar çəkim komandası fəaliyyət göstərir. Videolar montajdan keçirilərək qısa, ritmik kliplər şəklində ictimaiyyətə təqdim olunur.
Bİzə görə bu tip videolar Paşinyanın 2026-cı ildə keçiriləcək parlament seçkilərinə yönəlmiş uzunmüddətli kampaniyasının bir hissəsidir. Baş nazir sadə və səmimi obraz yaratmaq, xalqla “eyni səviyyədə” görünmək strategiyasını gücləndirir.
Digər tərəfdən, bu kampaniya hökumətin son aylarda azalan reytinqini bərpa etməyə hesablanmış “yumşaq PR” kimi də dəyərləndirilir.
Musavat.com Paşinyanın İrəvanda lentə alınmış son klipinin görüntülərini də təqdim edir. Kadrlarda o, paytaxt küçələrində və yerli mağazalarda gəzərək insanlarla salamlaşır, jest və mimikaları ilə “xalqa yaxın lider” obrazını canlandırır.
Sosial şəbəkələrdə isə bu görüntülər birmənalı qarşılanmayıb — bəziləri bunu Paşinyanın təbliğat bacarığı kimi dəyərləndirir, digərləri isə iqtisadi böhran fonunda bu videoları “siyasi şou” adlandırır.
Musavat.com