ain.az, Azertag portalına istinadən məlumat verir.
Tbilisi, 2 noyabr, AZƏRTAC
Gürcüstanın Batumi şəhərində mənzil alanların 77 faizini əcnəbilər təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Galt & Taggart” analitik şirkəti məlumat yayıb.
Bildirilir ki, 2025-ci ildə Batumidə satılan mənzillərin 77 faizini əcnəbilər, 23 faizini isə Gürcüstan vətəndaşları alıblar. Bu göstərici ilə yerli alıcıların payı ötən illə müqayisədə 4 faiz artıb. Batumidə mənzil alan Gürcüstan vətəndaşları arasında Gürcüstan vətəndaşlığını qəbul etmiş xaricilər də var.
Məlumata görə, Batumidə daşınmaz əmlak alanların 20 faizini Ukrayna, Rusiya və Belarus, 16 faizini İsrail, 12 faizini isə Avropa ölkələrinin vətəndaşları təşkil edirlər.
Batumidə mənzil alanların arasında Türkiyə vətəndaşları 9 faiz, Ərəb ölkələri 7, Mərkəzi Asiya ölkələri 6, Azərbaycan və Ermənistan vətəndaşları isə 2 faiz paya malikdirlər.
Tədqiqatçılar bildirirlər ki, xarici investorlar Batumini yüksək icarə gəliri, qiymət artımı gözləntiləri və digər kurort şəhərləri ilə müqayisədə daha aşağı investisiya xərclərinə görə seçirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.