“Neftçi”nin futbolçusu Vensan Abubakar Misli Premyer Liqasındakı debütündə ardıcıl 2 oyunda qol vurub.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, kamerunlu hücumçu 9-cu turun “Qəbələ” (2:0) və 10-cu turun “Kəpəz”lə (5:1) matçlarında fərqlənib. Hər görüşdə 1 dəfə fərqlənən afrikalı forvard Premyer Liqanın son 6 mövsümündə yeganə debütantdır ki, ilk iki qarşılaşmanı qolsuz tərk etmir.
Turnirin tarixində sonuncu belə debüt 2019/20 mövsümünə təsadüf edib. Nikolas Raysel “Qəbələ”yə qoşulduqdan sonra meydana çıxdığı ilk iki oyunda rəqib qapısına yol tapıb. “Sabah”la “Səbail”in hərəsinə bir qol vuran fransalı hücumçu da Vensan kimi ilk görüşə sonradan meydana çıxıb, digərində isə start heyətində yer alıb.
Qeyd edək ki, paytaxt təmsilçisi oktyabrın 21-də 33 yaşlı forvardla 1+1 illik müqavilə imzalayıb.