AZ

Sabunçu dəmir yolu stansiyasının keçidi ticarət obyektlərinə çevrilib – qanunsuzluq göz önündə


Bakının Sabunçu rayonundakı dəmir yolu stansiyasının keçid hissəsində ciddi qanunsuzluq müşahidə olunur. Söhbət sərnişinlərin hər gün istifadə etdiyi, bilet kassalarına və platformaya çıxışı təmin edən keçiddən gedir. Həmin ərazidə artıq uzun müddətdir ki, müxtəlif ticarət köşkləri, mağazalar və qida obyektləri fəaliyyət göstərir.

Ərazidə aparılmış müşahidələr göstərir ki, keçidin konstruksiyası dəyişdirilib, dəmir yoluna aid hasar və örtüklərdə dəyişikliklər edilib, bəzi yerlərdə isə piyada hərəkəti məhdudlaşdırılıb. İnsanların təhlükəsiz gediş-gəlişi üçün nəzərdə tutulmuş bu sahənin ticarət məqsədilə icarəyə verilməsi açıq-aşkar qanun pozuntusudur.

Azərbaycan Respublikasının "Dəmir yolu nəqliyyatı haqqında” Qanununa görə, dəmir yolu stansiyalarının və keçidlərinin əraziləri nəqliyyat infrastrukturuna aiddir və yalnız sərnişinlərin hərəkəti, xidmətin təşkili və təhlükəsizlik məqsədilə istifadə oluna bilər. Bu zonaların ticarət məqsədilə istifadəsi, xüsusən də keçid hissələrində obyekt tikilməsi qanunsuz tikinti və təhlükəsizlik qaydalarının pozulması hesab olunur.

Əgər bu ərazilər "Azərbaycan Dəmir Yolları” QSC-yə məxsusdursa, onda sual yaranır: kim və hansı əsasla bu yerləri kommersiya məqsədilə icarəyə verib? Əgər isə icazəsiz olaraq köşklər quraşdırılıbsa, niyə aidiyyəti qurumlar – Sabunçu Rayon İcra Hakimiyyəti və "Azərbaycan Dəmir Yolları” QSC bu vəziyyətə göz yumur?

Sərnişinlərin gündəlik istifadə etdiyi keçidin ticarət obyektinə çevrilməsi həm təhlükə yaradır, həm də dövlət əmlakının təyinatına zidd şəkildə istismar edilməsi deməkdir. Bu cür hallara qarşı qanunvericilikdə inzibati cərimə və tikililərin sökülməsi nəzərdə tutulur.

Sakinlər bildirirlər ki, dəmir yolu keçidi artıq bazarı xatırladır. "Bir vaxtlar bu yerdən rahat keçirdik, indi hər tərəf köşk, qapı, reklam, stol-stul dolub. Hərəkət etmək çətinləşib”, – deyə yerli sakinlərdən biri qeyd edir.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları” QSC və Sabunçu Rayon İcra Hakimiyyətinin münasibəti gözlənilir.
 
 

Seçilən
22
50
7news.az

10Mənbələr