AZ

Şanxayda Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb

Şanxay, 5 noyabr, AZƏRTAC

Çinin əsas maliyyə mərkəzi olan Şanxay şəhərində 8-ci Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin təşəbbüsü və himayəsi ilə keçirilən sərgi xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyır.

Çinin Ticarət Nazirliyinin, Şanxay meriyasının və Çin Beynəlxalq İdxal Sərgi Bürosunun təşkilatçılığı ilə keçirilən sərgidə 155 ölkə və beynəlxalq təşkilatdan təxminən 4 mindən çox iştirakçı iştirak edir.

Sərgidə Azərbaycandan Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti iştirak edir.

Noyabrın 10-dək davam edəcək sərginin 430 min kvadratmetrlik ekspozisiya sahəsində ölkə və şirkət pavilyonlarında məhsul, texnologiya və xidmətlər təqdim olunur. Çin Beynəlxalq İdxal Sərgisinin davamlı iştirakçısı olan Azərbaycan builki sərgidə 2 pavilyonu – ölkə və şirkətlər stendləri fəaliyyət göstərir. Pavilyonlarda ixracyönümlü məhsullarımız təqdim edilir, habelə Azərbaycanın iqtisadi potensialı, turizm, innovasiya, yaşıl enerji, sənaye, kənd təsərrüfatı, sahələrində qazanılan nailiyyətləri, həmçinin ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti nümayiş olunur.

Qeyd edək ki, 2018-ci ildən keçirilən Çin Beynəlxalq İdxal Sərgisi dünyada ölkə səviyyəsində yeganə idxal sərgisidir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Şanxay

Seçilən
13
6
azertag.az

7Mənbələr