AZ

Bu şəxslər tibbi sığortasını özləri edəcək - Nazir açıqladı

BAKI, 6 noyabr. TELEQRAF

“2026-cı il dövlət büdcəsindən səhiyyə xərclərinə ayrılan məbləğ tarixi rekorddur”

Teleqraf xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin 2026-cı il dövlət büdcəsinin layihəsinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.

O qeyd edib ki, 2026-cı ildə səhiyyə xərclərinə ayrılan vəsait 2024-cü illə müqayisədə 40 faiz və ya 1.1 milyard manat çoxdur:

“Növbəti ildə 118 milyon manat vəsait onkologiya ilə bağlı müxtəlif istiqamətlərə ayrılacaq. Bu sahədə 8 müxtəlif istiqamət icbari tibbi sığorta zərfinə daxil edilib. Gələcəkdə bunun artırılması nəzərdə tutulur”.

Nazirin sözlərinə görə, icbari tibbi sığorta orta hesabla il ərzində 5 milyon vətəndaşa xidmət edir:

“7.5 milyon insanın sığorta haqqı dövlət büdcəsi tərəfindən ödənilir. Əlavə olaraq, icbari tibbi sığorta haqqını özü ödəyən vətəndaşlar da var. Rəsmi fəaliyyət göstərən və işsiz olan şəxslərin tibbi sığortası dövlət hesabına həyata keçirilir.

Yeganə istisna edilən seqment qanunvericiliyin qeyri-formal məşğulluq olaraq müəyyən etdiyi şəxslərdir. Bu qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, gəlirlərini gizlədən, qeydiyyatdan yayınan şəxslərdir. Bu kəsimin sığortalanması özləri tərəfindən ödənişi edilməklə həyata keçiriləcək”.

Nazir bildirib ki, 2026-cı ildə dövlət büdcəsindən 420 milyon manat ekologiya və ərtaf mühitin mühafizəsinə ayrılır:

“Bu 2024-cü illə müqayisədə 49-50 faizdir. Göründüyü kimi, bu sahədə də böyük artım var”.

Seçilən
28
6
teleqraf.com

9Mənbələr