Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş keçirib. Kollegiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunub. Anar Bağırov vəkilləri qarşıdan gələn 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edib. O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyətindən danışıb.
Sədr rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımızın Ermənistanın 30 illik işğalından azad edildiyini, dövlətimizin beynəlxalq səviyyədə tanınan sərhədlərinin, ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunduğunu və bu Zəfərin hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyi olduğunu vurğulayıb.
Həmçinin Anar Bağırov qeyd edib ki, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi onun bütün ərazisində bərqərar olunub. Hazırda işğaldan azad edilmiş bölgələrdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, yeni yaşayış məntəqələri inşa edilir və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar.
Görüşdə iştirak edən vəkillər döyüş yollarından danışaraq dövlətin, habelə VK Rəyasət Heyətinin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər, azad olunmuş ərazilərdə Azərbaycanın üçrəngli Bayrağının dalğalanmasından qürur hissi keçirdiklərini söyləyiblər. Eyni zamanda, onlar doğma torpaqların bərpası və insanların yurdlarına dönüşünün hər bir vətənpərvər üçün böyük sevinc mənbəyi olduğunu bildiriblər.
Sonda Vətən müharibəsində iştirak etmiş vəkillərə qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Vətən müharibəsində VK-nın 10 üzvü - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Fərhad Azad oğlu Kərimov, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Elvin Zamin oğlu Məhərrəmov, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Mirhəsən Miri oğlu Cabbarov, “Arbitrium” Vəkil Bürosunun vəkili Pənah Səməd oğlu Pənahov, “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosunun vəkili Polad Arif oğlu Cabbarlı, “Union” Vəkil Bürosunun vəkili Rauf Nəriman oğlu Əzimov, Şirvan Regional Vəkil Bürosunun vəkili Bəxtiyar Rəhim oğlu Babayev, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Elman Sanqam oğlu Məcidov, Ucar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Elşən Seyidəli oğlu Məcidli və Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Xəyal Natiq oğlu Səmədzadə iştirak ediblər. Onlar medallarla təltif olunublar.