BAKI, 7 noyabr. TELEQRAF
Milli Məclisin spikeri Sahibə Qafarovanın ünvanına 8 noyabr – Zəfər Günü münasibətilə təbriklər gəlməkdə davam edir.
Bu barədə Teleqraf-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç, Kamboca Krallığı Milli Assambleyasının sədri XuonSudari, Tolerantlıq və Sülh naminə Qlobal Şuranın sədri Əhməd Bin Məhəmməd Əlcərvan, Şimali Kipr Türk Cümhuriyyəti Parlamentinin sədri Ziya Öztürkler, TÜRKPA-nın Baş katibi Ramil Həsən, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev, İtaliya Deputatlar Palatasının sədr müavini Giorgio Mule və başqalarıspiker Sahibə Qafarovaya ünvanladıqları məktublarda 8 noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə təbriklərini, xalqımıza sülh və əmin-amanlıq arzularını çatdırır.
Məktublarda Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinin əlamətdar hadisə kimi xalqımızın tarixinə qızıl hərflərlə yazıldığı, xalqımızın milli birliyinin, qətiyyəti və cəsarətinin ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasına imkan verdiyi qeyd edilir.
Həmçinin təbrik məktublarında münaqişənin həll olunmasının regiona sülh və sabitlik gətirdiyi diqqətə çatdırılır.
Xüsusilə, bu ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması, həmçinin, sülhə dair saziş layihəsinin paraflanmasından bir daha məmnunluq ifadə edilir və bu, onilliklərlə davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması istiqamətində tarixi addım kimi qiymətləndirilir.