AZ

Prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçilərinin bəyanatı

“Azərbaycan Respublikası Prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri” İctimai Birliyi üzvləri 8 noyabr “Zəfər” günü ilə bağlı bəyanat yayıb. 

"Unikal" xəbər verir ki, bəyanatda deyilir: 

"Qanunçuluq və dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlar kimi biz – “Azərbaycan Respublikası Prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri” İctimai Birliyinin üzvləri olaraq, 44 günlük Vətən müharibəsində qələbənin beşinci ildönümü – möhtəşəm Zəfər Günü bayramı ilə əlaqədar şərəf duyduğumuzu bəyan edirik.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, cəsarətli qərarları və xalqımızın birliyi, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı nəticəsində 300-ə yaxın yaşayış məntəqəsinin, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut, Suqovuşan və digər yaşayış məntəqələrinin işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin hər günü, hər saatı bizim üçün möhtəşəm və müqəddəs olmasına baxmayaraq, həmin günlərdən biri – 8 noyabr günü Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın işğaldan azad olunduğu gün – ən şərəfli gündür.

Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edən “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli qanunu qəbul edilmişdir. Həmin Qanuna əsasən, Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılmış və hüquqi tənzimləmənin sahələri müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilmişdir. 

44 günlük Vətən müharibəsi 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktını imzalaması ilə başa çatmışdır. Döyüş meydanında qazanılan Zəfərin siyasi-diplomatik müstəvidə də təsdiq edilməsi Ağdam, Kəlbəcər və Laçın rayonlarının dinc yolla Azərbaycana qaytarılmasını təmin etmişdir. 

2023-cü il sentyabrın 19-20-də Qarabağ bölgəsində 23 saat 43 dəqiqə davam edən lokal antiterror əməliyyatı ilə separatizmə son qoyuldu və ölkəmizin suverenliyi tam bərpa edildi.

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur torpaqları öz yeni, nəfis görkəmi, möhtəşəm infrastruktur layihələri, abad şəhər və kəndləri, elektrik və su xətləri, yollar, körpülər, tunellər,  beynəlxalq hava limanları ilə hər birimizi qürurlandırır. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı, dövlətimizin mənəvi borcuna sadiqliyinin təcəssümüdür.

Biz, “Azərbaycan Respublikası Prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri” İctimai Birliyinin üzvləri Qalib ordunun Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyimizə ümidlə baxır, cənab Prezidentimiz İlham Əliyevin ölkəmizdə və bölgədə davamlı sülh, əmin-amanlıq və tərəqqini təmin edən müdrik siyasi dəst-xətini hər zaman dəstəkləyirik.

“Azərbaycan Respublikası Prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri” İctimai Birliyi

Bakı şəhəri 7 noyabr 2025-ci il".

Seçilən
13
50
unikal.az

10Mənbələr