
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın azadlıq mübarizəsinin, milli kimliyinin və dövlətçiliyinin ən uca rəmzlərindən biridir. Hər bir dövlətin tarixində onun atributları – bayraq, gerb və himn – müstəqilliyin daşıyıcısı kimi müqəddəs məna daşıyır. Azərbaycan Respublikasının üçrəngli bayrağı xalqımızın əsrlərlə formalaşmış mənəvi dəyərlərini, milli birliyini və müasir dövlətçilik ideallarını özündə birləşdirir.
Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir” fikri bu rəmzin mənəvi və siyasi dəyərini ən dolğun şəkildə ifadə edir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. 1918-ci il noyabrın 9-da qəbul edilmiş üçrəngli bayraq xalqımızın müstəqil dövlətçilik ənənələrinin rəmzi kimi tarixə düşmüşdür. Bu bayraq mavi, qırmızı və yaşıl rənglərdən ibarət olub, “Türklük, müasirlik və islam birliyi” ideyalarını özündə əks etdirir. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bu bayraq dövlət statusunu itirsə də, xalqın yaddaşında milli istiqlalın simvolu kimi yaşamaqda davam etmişdir. XX əsrin sonlarında dövlət müstəqilliyimizin bərpası ilə üçrəngli bayraq yenidən xalqımızın qürur mənbəyinə çevrilmişdir.
Azərbaycanın dövlətçilik tarixində 1990-cı il noyabrın 17-si xüsusi yer tutur. Məhz həmin gün Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın Dövlət Bayrağı kimi qəbul edilmişdir. Bu qərar yalnız Naxçıvan üçün deyil, bütövlükdə Azərbaycan xalqı üçün milli ruhun dirçəlişi baxımından mühüm tarixi addım idi. Ulu Öndərin bu təşəbbüsü sonradan Azərbaycanın Ali Sovetində də dəstəklənərək 1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunun qəbul edilməsinə səbəb olmuşdur.
Ulu Öndər Heydər Əliyev bu qərarın mahiyyətini belə ifadə etmişdir: “Biz burada, Naxçıvanda ilk dəfə milli bayrağımızı dövlət səviyyəsində qaldırdıq. Bu, müstəqil Azərbaycanın başlanğıcı idi.” Məhz həmin tarixi qərar Azərbaycanın müstəqillik yolunun ideoloji əsaslarını formalaşdırdı və dövlət atributlarının qəbuluna zəmin yaratdı.
1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edildi və üçrəngli bayraq yenidən dövlət statusu aldı.
Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsinə əsasən, Dövlət Bayrağı eni bərabər olan mavi, qırmızı və yaşıl zolaqlardan ibarətdir. Qırmızı zolağın mərkəzində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunmuşdur. Bu təsvirlər Azərbaycan xalqının milli mənsubiyyətini, mədəni kimliyini və müasir dövlətçilik ideyasını ifadə edir.
Bayrağımız həm milli kimliyimizin, həm də dövlət suverenliyimizin rəmzidir. Azərbaycan Respublikasının qanunvericiliyi bu müqəddəs rəmzə münasibəti dəqiq müəyyən etmişdir. “Azərbaycan Respublikasının Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” 2004-cü il tarixli Qanunla dövlət bayrağının istifadə prinsipləri və məhdudiyyətləri müəyyən olunmuşdur. Həmçinin Konstitusiyanın 75-ci maddəsinə əsasən, hər bir vətəndaş dövlət rəmzlərinə – bayrağa, himnə və gerbə hörmətlə yanaşmağa borcludur.
Prezident cənab İlham Əliyevin 17 noyabr 2007-ci il tarixli Sərəncamı ilə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması üçrəngli bayrağımıza olan dövlət səviyyəsində ehtiramın bariz göstəricisidir. 2010-cu il sentyabrın 1-də açılışı keçirilmiş Meydan və 9 noyabrda istifadəyə verilən Dövlət Bayrağı Muzeyi Azərbaycanın dövlətçilik tarixinin və milli dəyərlərinin təbliği baxımından əvəzsiz məkandır.
Meydan 2024-cü ilin noyabrında yenidən açılmış və Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycan bayrağı ucaldılmışdır. Bu gün həmin məkanda dünyanın ən böyük dövlət bayraqlarından biri dalğalanır. Muzeydə Vətən müharibəsinə həsr olunmuş “Zəfər qalereyası” ekspozisiyası Azərbaycan Ordusunun şanlı qələbəsini və bayrağımızın azad edilmiş torpaqlarda ucaldılmasını əks etdirir.
Üçrəngli bayraq artıq təkcə dövlət rəmzi deyil, həm də xalqın qüruru və zəfər simvoludur. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbədən sonra bayrağımız işğaldan azad edilmiş ərazilərdə ucaldıldı. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Xankəndi, Şuşa, Füzuli, Cəbrayıl və digər şəhərlərdə qaldırılan bayrağımız bu gün Azərbaycan xalqının əzm və birliyinin rəmzinə çevrilmişdir.
Dövlət başçısı həmin anları belə ifadə etmişdir: “Bizim bayrağımız qürur mənbəyimizdir. O, canımız, ürəyimizdir. Bu gün Azərbaycanın hər yerində Dövlət Bayrağı dalğalanır və bundan sonra da daim dalğalanacaq.”
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın keçdiyi şərəfli tarixin, milli birliyinin və azadlıq iradəsinin təcəssümüdür. Bayrağa hörmət və sədaqət hər bir vətəndaşın mənəvi borcudur.
Ümummilli Lider Heydər Əliyevin “Gərək hər bir evdə Azərbaycan Bayrağı olsun, hər bir ailə ona itaət etsin” sözləri bu rəmzin hər birimizin həyatında tutmalı olduğu yeri aydın şəkildə göstərir. Bu gün üçrəngli bayraq Azərbaycanın dövlət müstəqilliyinin, iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun simvolu kimi dalğalanır. Onun ucalığı, əzəməti və mənəvi gücü xalqımızın sarsılmaz birliyinin və gələcəyə inamının göstəricisidir.
Kəmalə Abbasova, tarix müəllimi