“NEQSOL Holding” şəhid ailələrinə və qazilərə sosial dəstək məqsədilə “YAŞAT” Fondu ilə əməkdaşlığını davam etdirir.
Holdinq tərəfindən “YAŞAT” Fonduna ayrılmış vəsait hesabına 2025-ci il ərzində 710 əlilliyi təyin olunmuş şəxsə və şəhid ailəsinə tibbi xidmətlərin və təhsil xərclərinin maliyyələşdirilməsi formasında sosial dəstək göstərilib. Bununla yanaşı, “NEQSOL Holding”in dəstəyi ilə “YAŞAT” Fondunun həyata keçirdiyi sosial layihələr çərçivəsində 2000-dən çox şəhid övladına müxtəlif istiqamətlərdə yardım göstərilib.
2025–2026-cı tədris ili üçün reallaşdırılan “Məktəb ləvazimatları ilə təminat” layihəsi çərçivəsində 1467 şəhid övladı bir illik məktəb ləvazimatları ilə təmin olunub. Layihənin əsas məqsədi uşaqların təhsil prosesinə dəstək göstərməkdir.
Bundan başqa, holdinq 2025-ci ilin yay aylarında Lənkəran şəhərində 10–17 yaş arası 457 şəhid övladının iştirakı ilə təşkil edilən 4-cü “YAŞAT” düşərgəsinə də dəstək verib. Düşərgədə uşaqların asudə vaxtlarının səmərəli təşkili, fiziki və mənəvi inkişafına yönəlmiş müxtəlif təlim və əyləncə proqramları keçirilib.
“NEQSOL Holding”in dəstəyi ilə Birləşmiş Krallıqda Yay Məktəbi təşkil olunub. Layihə çərçivəsində ölkə üzrə ümumtəhsil məktəblərinin 9-cu sinif buraxılış imtahanlarında yüksək nəticə göstərmiş 10 şəhid övladı London şəhərində iki həftə ərzində beynəlxalq mühitdə təhsil, dil və mədəniyyət təcrübəsi qazanıb.
Eyni zamanda, 2025-ci ildə “Hədiyyə karvanı” layihəsi çərçivəsində 1673 şəhid övladına hədiyyə qutuları təqdim edilib. Layihə uşaqlarda bayram əhval-ruhiyyəsi yaratmaq və onlara mənəvi dəstək göstərmək məqsədi daşıyıb.
“NEQSOL Holding” 2021-ci ildən etibarən “YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində, hazırkı mərhələyə qədər, ümumilikdə 3,7 milyon manat vəsait ayırıb. Bu vəsait holdinqin tərkibinə daxil olan “Bakcell”, “Norm”, “Azerconnect Group” və “Nobel Energy” şirkətləri tərəfindən Fondun fəaliyyətinə dəstək məqsədilə yönəldilib.
“NEQSOL Holding” Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edir, ölkədə sülh, əmin-amanlıq və firavanlıq arzulayır.
Qeyd edək ki, “NEQSOL Holding” 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar, tikinti və mədənçıxarma sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.