
“Həbsxanda məni zəhərləyən şəxslər qarşıladı və mənim yenidən həbsxanaya qaytarılmağım həm Qərbə, həm də Ukraynaya göndərilən bir mesajdır”.
Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili özünün “Facebook” sosial media hesabında yazıb.
O bildirib ki, bu addımla Bidzina İvanişvili avropalılara və amerikalılara onun həyatının qorunacağı ilə bağlı vədinin artıq qüvvədə olmadığını çatdırır.
“İvanişvili hər səhər ‘bu gün kimə nə pislik edə bilərəm’ düşüncəsi ilə oyanır və bu dəfə məni yenidən zindana qaytardı. Əlbəttə, xəbərdarlıq etmədən məni Rustavi həbsxanasına köçürdülər. Orada məni 2022-ci ilin martında zəhərləyən eyni adamlar qarşıladı. O vaxt möcüzə nəticəsində ölümdən qurtuldum, amma həmin zəhərlənmənin simptomları bu günə qədər qalır. Həyatım uğrunda mübarizə aparan 'Vivamed' klinikasının həkimlərinə təşəkkür edirəm”, - deyə siyasətçi vurğulayıb.
Saakaşvili bildirib ki, bu qədər məhbus və faciə içində mən özüm üçün heç bir xüsusi rəğbət tələb etmirəm.
“Bəs məni niyə məhz indi cəlladların yanına qaytardılar? – Birincisi, çoxsaylı tərəfdarlarımı qorxutmaq istəyirlər. İkincisi, bu, Qərbə və Ukraynaya göndərilən konkret bir mesajdır, çünki mən hələ də Ukrayna Prezidenti Volodimir Zelenskinin İslahatlar Şurasının sədri kimi siyahıdayam”, - deyə siyasətçi əlavə edib.
Saakaşvili qeyd edib ki, İvanişvili vaxtilə mənim həyatımın qorunmasına dair öhdəlik götürmüşdü, indi isə bu addımla avropalılara və amerikalılara bildirir ki, bu vəd digər bütün vədləri kimi, artıq qüvvədə deyil.
“Əminəm ki, bütün bunlar Moskva ilə razılaşdırılıb. Məsələ ondadır ki, mən dünya üçün postsovet məkanında ən uğurlu islahatların, eləcə də Gürcüstanın azadlığı və dövlətçiliyinin rəmziyəm. Gürcüstanın azadlığı və müstəqilliyi məhv edilir və mən də bununla birlikdə məhv edilirəm. Bu gün insanlara bir daha demək istəyirəm ki, heç bir halda təslim olmayın və mübarizə aparın, çünki bizim qələbəmiz qaçılmazdır. Yaşasın azadlıq!”, - deyə sabiq Prezident yekunlaşdırıb.
Daşqın HəsənovMissiya.Az