“Mövcud qanunvericiliyə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, ölkəmizdə həm uşaq bağçalarında, həm də təhsil müəssisələrində tibbi xidmət təşkil olunmalıdır”.
Redaktor.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
O qeyd edib ki, uşaqlara, eləcə də müəllim və texniki heyətə ilkin yardımın göstərilməsinə həmin tibb məntəqələri məsuliyyət daşıyır. Bəzən uşağın həyatı göstərilən ilkin tibbi yardımdan asılı olur:
“Bu baxımdan tibb məntəqələrinin və tibb işçilərinin olmağı olduqca zəruridir. Ancaq əfsuslar olsun ki, bir çox uşaq bağçaları və məktəblərdə tibb işçiləri yoxdur. Bu, psixoloji xidmətin təşkilinə də aiddir. Psixoloji dəstəyə ehtiyacın müəyyən edilməsi bir sıra ağır nəticələrin qarşısını vaxtında ala bilər”.