Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub.
Publika.az xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qərarı ilə təsis edilən İslam Sivilizasiyası Mərkəzinin təməli 2018-ci ildə qoyulub. Layihənin həyata keçirilməsində yüzlərlə alim, ekspert, həmçinin dini və ictimai xadim iştirak edib. Səmərqənd şəhərinin qədim memarlıq abidələri üslubunda hazırlanmış mərkəz 10 hektardan çox ərazini əhatə edir. Binada 65 metr hündürlüyündə günbəz inşa olunub. Mərkəzə tədqiqat, nadir əlyazmaların milli reyestrinin aparılması, əlyazmalar fondu, kitabxana və arxivlər, nəşriyyat şöbələri və digər şöbələr daxildir.
Buradakı sərgi qalereyasında müxtəlif tarixi dövrlərə aid əşyalar və əsərlər təqdim olunur, əcdadların yaradıcılıq potensialı müasir texnologiyalar və rəqəmsal cihazların köməyi ilə nümayiş etdirilir.
Mərkəzin binasında, həmçinin 100 min əlyazma və bir milyondan çox kitab daxil olmaqla, nəhəng kitabxana və İslam Sivilizasiyası Mərkəzinin elmi şöbəsi, beynəlxalq təşkilatların ofisləri yerləşir. Mərkəzin muzey ekspozisiyası “İslamdan əvvəl sivilizasiyalar”, “Birinci İntibah dövrü”, “İkinci İntibah dövrü”, “XX əsrdə Özbəkistan”, “Yeni Özbəkistan – Üçüncü İntibahın əsası” və “Müqəddəs Quran” adlı zallardan ibarətdir.