ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 17 noyabr, Ceyhun Xəlilov, AZƏRTAC
Yaponiyanın tədqiqat mühitində ən çox diqqət çəkən cəhətlərdən biri dəqiqlik və səlislikdir. Eksperimentlərdə və məlumat emalında hər bir detalın düzgün olması vacibdir, nəticələrin təkrarlana bilməsi isə xüsusi əhəmiyyət daşıyır. Burada, demək olar, hər şeydə sistemli və planlı yanaşmalar tətbiq olunur.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Yaponiyada yaşayan azərbaycanlı professor, elektronika mühəndisi və ixtiraçı Xəlil Kələntər deyib.
Professor bildirib ki, Yaponiyadakı laboratoriya mədəniyyəti kollektiv yanaşmaya böyük önəm verir. Məqsədlərə yalnız fərdi bacarıqla deyil, qrup şəklində, birlikdə çatmaq əsas prinsiplərdən biridir. Elmi fəaliyyətdə davamlılıq və uzunmüddətli planlama da mühüm yer tutur. “Bu, harmoniya və əməkdaşlığa böyük önəm verən bir mədəniyyətdir. Laboratoriya mühitində komanda işi yüksək qiymətləndirilir. Araşdırma mövzularının seçimi və karyera inkişafında davamlılıq, uzunmüddətli planlama əsas yer tutur. Bəzi hallarda yaş amili müəyyən rol oynaya bilər, lakin diqqət əsasən möhkəm elmi baza və uzunmüddətli tədqiqatlara yönəlir”, - deyə Xəlil Kələntər vurğulayıb.
O, eyni zamanda, Azərbaycanın elmi mühitinə dair müşahidələrini də bölüşüb. Professorun sözlərinə görə, ölkəmizdə ənənəvi olaraq nəzəriyyə və əsas elmlərə böyük dəyər verilir. Riyaziyyat və fizika kimi sahələrdə formalaşmış nəzəri düşüncə məktəbi keçmişdən gələn güclü elmi ənənəyə söykənir və fərdi tədqiqatçının nəzəri yanaşması yüksək qiymətləndirilir.
İxtiraçı qeyd edib ki, müəyyən dövrlərdə infrastruktur və laboratoriya avadanlıqları ilə bağlı çətinliklər mövcud olub. Lakin son illərdə beynəlxalq əməkdaşlıqların genişlənməsi, fənlərarası istiqamətlərin artması və yeni yanaşmaların tətbiqi tədqiqat mühitinə müsbət dinamika gətirib.
“Şəxsi təcrübəmdə əsas fərq xüsusilə nəzəri bilikdən praktiki tətbiqə keçid mərhələsində hiss olunur. Azərbaycanda güclü nəzəri baza mövcud olsa da, Yaponiyada bu biliklərin praktik texnologiyalara çevrilməsi, sənaye ilə əməkdaşlıq və patentlərin kommersiyalaşdırılması daha sistemli şəkildə həyata keçirilir. Bu fərq mənə nəzəri biliklərin real texnoloji məhsullara çevrilməsində mühitin nə qədər önəmli olduğunu daha aydın göstərdi”, - deyə ixtiraçı bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.