AZ

Bu gün Özbəkistan Azərbaycan üçün sadəcə dost və tərəfdaş deyil, qardaş ölkə və etibarlı müttəfiq kimi çıxış edir

ain.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Özbəkistanın Milli İnformasiya Agentliyi UzA-ya verilən müsahibədə Azərbaycan Prezidenti İlham Əliyev ölkələrarası əlaqələrin strateji əhəmiyyətini, regiondakı əməkdaşlıq potensialını və gələcək perspektivləri detallı şəkildə şərh etdi. Bu müsahibə, xüsusilə Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın qarşılıqlı strateji əlaqələrinin güclənməsi baxımından mühüm mesajlar ehtiva edir. Prezident Əliyev vurğulayır ki, Azərbaycan və Özbəkistan arasında qarşılıqlı ziyarətlər və siyasi dialoq son dövrlərdə intensivləşib. O, şəxsən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə dostluq münasibətlərinin əlaqələrin dərinləşməsində əsas amillərdən biri olduğunu qeyd edir.

Hər iki xalq Orta Asiya–Qafqaz mədəni arealının mühüm hissələridir və tarix boyu siyasi, iqtisadi, mədəni əlaqələr saxlayıblar. Müstəqillik dövründə isə tarixi bağlar daha da möhkəmlənib. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev və Özbəkistanın görkəmli dövlət xadimi İslam Kərimov ölkələr arasında münasibətlərin əsas strateji xəttini müəyyən ediblər. Bu xətt bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan və Özbəkistanın siyasi münasibətləri qarşılıqlı etimada, dostluğa və hörmət prinsiplərinə söykənir.

Siyasi dialoqdan iqtisadi inteqrasiyaya, humanitar əməkdaşlıqdan regional təhlükəsizlik məsələlərində ortaq mövqelərə qədər uzanan bu münasibətlər, Türk dünyasının gələcəyi üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan və Özbəkistan münasibətləri son illərdə xüsusi dinamizm qazanıb. Dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər, birgə imzalanan sənədlər və yaradılan institusional mexanizmlər strateji əməkdaşlığın əsas dayaqlarını formalaşdırıb. Belə yüksək səviyyəli qarşılıqlı ziyarətlər, strateji tərəfdaşlıq ideyasını praktiki əməkdaşlığa çevirir. Prezident deyir ki, qarşılıqlı etimad və dostluq, qarşılıqlı anlaşmanı gücləndirir. Bu müsahibədə iqtisadi-ticari əlaqələr xüsusilə vurğulanıb. 2024-cü ildə ölkələrarası ticarət 252 milyon ABŞ dolları olub və 2025-ci ilin yanvar-sentyabr dövründə isə bu rəqəm 319 milyon dollara çatıb — bu, keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 % artım deməkdir. Sərmayə sahəsində də əhəmiyyətli irəliləyiş var: Özbək investorlarının Azərbaycanda, eləcə də Azərbaycan sərmayəçilərinin Özbəkistandakı iştirakı aktivləşib.

Müsahibədə xüsusi bir layihə kimi qeyd olunub: Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti, 500 milyon ABŞ dolları kapital ilə yaradılıb, bu isə hər iki ölkənin iqtisadi baxımdan birgə investisiya imkanlarını genişləndirir.

Azərbaycan Prezidenti qeyd edib ki, yüngül sənayenin inkişafı üçün yeni imkanlar açan, ənənəvi dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirən birgə müəssisə - Xankəndidə tikiş fabriki xüsusilə diqqətəlayiqdir: “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın iqtisadi əlaqələrin inkişafı və perspektivli işbirliyi istiqamətlərinin müəyyənləşdirilməsi sahəsindəki aktiv fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Artıq mütəmadi olaraq keçirilən Azərbaycan-Özbəkistan Regional Forumu bu istiqamətdə əməkdaşlığın təşviqi üçün səmərəli platformadır. Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Bunun üçün güclü siyasi iradə və əhəmiyyətli potensial mövcuddur. Bu günədək iqtisadi münasibətlərimizin daha da inkişafı üçün etibarlı hüquqi baza yaradan təxminən 200 sənəd imzalanıb. Azərbaycan hər iki tərəfin maraqlarına uyğun olan və xalqlarımız arasında dostluğun, tərəfdaşlığın möhkəmlənməsinə töhfə verən qarşılıqlı faydalı əməkdaşlığı bundan sonra da dəstəkləyəcək”. Energetika sahəsində isə ölkələr bərpaolunan enerji və neft-kimya sektorunda əməkdaşlıq edirlər: SOCAR-ın Özbəkistana neft məhsulları ixracı, eləcə də “Neftegaztexnologiya” birgə müəssisəsi musahibədə qeyd olunan önəmli istiqamətlərdəndir.

Müsahibədə mədəni və humanitar əməkdaşlıq da mühüm yer tutur. Əliyev ortaq dəyərlər, tarixi və mədəni irsin ölkələrimizi birləşdirdiyini qeyd edib.

Özbəkistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir. 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə Özbəkistanın Azərbaycana göstərdiyi həmrəyliyin bariz nümunəsi qardaşlığın söz deyil, əməli olduğunu sübut edir. Özbəkistanın Füzuli şəhərində öz vəsaiti hesabına inşa etdiyi “Mirzo Ulubek” adına tam orta məktəb bu münasibətlərin humanist və qardaşlıq simvoluna çevrilib. Azərbaycan da öz növbəsində Özbəkistanın dünya birliyinə inteqrasiya proseslərini dəstəkləyir və iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində – BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər platformalarda sıx əməkdaşlıq edir. Azərbaycan və Özbəkistan arasında humanitar əməkdaşlıq iki ölkə xalqlarını daha da yaxınlaşdıran vacib sahələrdən biridir. Mədəniyyət günləri, tələbə mübadiləsi, elm və təhsil sahəsində əməkdaşlıq daim genişlənir. Bakı və Daşkənddə keçirilən sənət festivalları, ədəbiyyat günləri, tarixi irsin təbliği layihələri xalqlar arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirir. Türk Dövlətləri Təşkilatı çərçivəsində humanitar əməkdaşlıq bu prosesə əlavə dinamizm qatır.

Müsahibə həmçinin regionda geosiyasi mənzərənin dəyişdiyini və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə strateji inteqrasiyaya hazır olduğunu nümayiş etdirir. Xüsusilə, Orta Dəhliz marşrutu, şəhərlərarası dostluq əlaqələri, investisiya birliyinin yaradılması və beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsi bunlar uzunmüddətli perspektiv üçün güclü baza yaradır.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
50
sesqazeti.az

10Mənbələr