AZ

Türk dünyasının strateji nəfəsi və gələcəyə aparan siyasi iradə

Dünya siyasətində elə məqamlar olur ki, təkcə bir dövlətin mövqeyini deyil, bütöv bir coğrafiyanın gələcək istiqamətini müəyyənləşdirir. Cənab Prezident İlham Əliyevin Özbəkistanın rəsmi informasiya agentliyi olan UzA-ya verdiyi müsahibə də məhz belə strateji baxış dəyərlərindən biridir. Bu müsahibə həm türkdilli dövlətlərin siyasi ritmini müəyyənləşdirən, həm də Azərbaycan diplomatiyasının regional güc mərkəzinə çevrildiyini nümayiş etdirən əhatəli bir vizyondur. Cənab Prezidentin cavabları təkcə siyasi mesaj deyil, həm də türk dünyasının inteqrasiya xəritəsinin konturlarını dəqiqləşdirən bir yol xəritəsidir. Müsahibədə ortaya qoyulan fikirlərin hər biri həm dövlətçilik fəlsəfəsi, həm regional təhlükəsizlik, həm də iqtisadi əməkdaşlıq formatı baxımından sistemli yanaşmanı ifadə edir. Cənab Prezident İlham Əliyevin müsahibəsində TDT-nin mühüm rolu xüsusi vurğulanır. O bildirir ki, “Türk Dövlətləri Təşkilatı təkcə siyasi platforma deyil, ortaq tarixin, mədəniyyətin, köklərin müasir mərhələdə dövlətlərarası əməkdaşlıq modelinə çevrilməsidir.” Bu yanaşma, əslində, türk birlik modelinin sentimental deyil, real siyasi və iqtisadi prinsiplərə söykəndiyini göstərir.

Müsahibənin mühüm istiqamətlərindən biri də Özbəkistan–Azərbaycan münasibətlərinin dərinləşməsidir. Cənab Prezident İlham Əliyev bu əməkdaşlığın yalnız diplomatik çərçivə deyil, “qardaşlıq və qarşılıqlı etimadla formalaşmış” münasibətlər olduğunu qeyd edir. Bildirir ki, “Son illər Özbəkistanla əlaqələrimiz misilsiz dərəcədə genişlənib və bu xətt strateji tərəfdaşlığı ən yüksək səviyyəyə qaldırıb.” Bu sözlər əslində iki dövlətin həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə yaratdığı yeni tərəfdaşlıq arxitekturasını təsdiqləyir. Regional nəqliyyat layihələrindən tutmuş müdafiə sənayesi əməkdaşlığına qədər çoxşaxəli münasibətlər türk dünyasının bütövləşməsinə dəstək verir. Cənab Prezident müsahibədə Qarabağ Zəfərindən sonra yaranan geosiyasi reallığa da toxunur. Amma bu dəfə vurğu təkcə Azərbaycanın qələbəsi deyil, Zəfərin bütün türk dünyasına verdiyi milli özünəgüvən mesajıdır. Cənab Prezident qeyd edir ki, “Azərbaycanın Zəfəri təkcə ərazi bütövlüyümüzün bərpası olmadı, həm də türk dünyasının siyasi nüfuzunun beynəlxalq miqyasda artmasına səbəb oldu.” Bu, həm tarixi gerçəkliyin, həm də diplomatik fəlsəfənin ən gerçək  ifadəsidir. Çünki Qarabağda əldə edilən qələbə təkbaşına hərbi uğur deyil, siyasi gücün, milli iradənin və liderlik institutunun davamlılığının nəticəsidir.  Müsahibədə xüsusi önəm verilən məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Cənab Prezident İlham Əliyevin sözləri burada həm məsuliyyət, həm də prinsipial dövlət mövqeyinin nümunəsidir: “Zəngəzur dəhlizi türk dünyasını daha sıx birləşdirəcək, iqtisadi əlaqələri yeni keyfiyyət mərhələsinə qaldıracaq.” Bu, sadəcə nəqliyyat xətti deyil, Azərbaycanı Qafqazın logistika mərkəzinə çevirən strateji layihədir. Eyni zamanda, Mərkəzi Asiya ilə Anadolu arasında inteqrasiya xəttinin siyasi dayağıdır. Enerji, nəqliyyat və rəqəmsal əməkdaşlıq sahəsində atılan addımlar Azərbaycanı regionda təkcə resurs ölkəsi deyil, həm də enerji təhlükəsizliyinin təminatçısı kimi təqdim edir. Müsahibənin ən təsirli hissələrindən biri cənab Prezident İlham Əliyevin türk dünyasının birliyinə yanaşmasıdır: “Türk dünyasının gücü həm tarixi amillərə, həm də müasir dövlətlərin siyasi iradəsinə əsaslanır.” Bu cümlə özü-özlüyündə bir konseptdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev göstərir ki, türk birliyi təsadüfi yaxınlaşma deyil, strateji zərurət və geosiyasi reallıqdır. Türk birliyi artıq bir mədəni fenomen yox, təhlükəsizlik, iqtisadiyyat, energetika və dövlətçilik sahələrində güclü platformaya çevrilib.

Cənab Prezident İlham Əliyevin UzA müsahibəsi – türk coğrafiyasının gələcək xəritəsidir. Bu müsahibə sadəcə bir media açıqlaması deyil – türk dünyasının siyasi gələcəyini müəyyən edən fundamental tezislər toplusudur. Burada həm Azərbaycanın qlobal mövqeyi, həm Türk Dövlətləri Təşkilatının strateji mahiyyəti, həm də regional əməkdaşlığın yeni konturları öz ifadəsini tapır. Cənab Prezident İlham Əliyevin səsləndirdiyi hər fikir dövlət idarəçiliyinin gücünü, siyasi baxışın dərinliyini və türk dünyasının gələcəyinə inamı təsdiqləyir. Bu müsahibə həm Azərbaycana, həm də qardaş türk ölkələrinə vahid istiqaməti göstərən siyasi yol xəritəsi rolunu oynayır. Azərbaycan liderinin söylədiyi kimi, türk dünyasının gücü tarixi yaddaşdan gəlir, amma onun sabahını müasir və qətiyyətli qərarlar formalaşdırır. UzA müsahibəsi də həmin qərarların parlaq ifadəsidir.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Seçilən
27
50
yeniazerbaycan.com

10Mənbələr