Bakı, 19 noyabr, AZƏRTAC
2025-ci ilin üçüncü rübünün sonuna bank sektorunun aktivləri 12 aylıq müqayisədə 10.4 faiz artaraq, tarixi həddi ilk dəfə keçib və 56.1 milyard manata yüksəlib. Bu artımda əsas pay aktivlərin yarıdan çoxunu təşkil edən kredit portfelinə məxsusdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev IX Beynəlxalq Bank Forumunda deyib.
Zakir Nuriyev bildirib ki, analoji dövrdə kredit portfeli 9.6 faiz artaraq 29.3 milyard manata çatıb. Biznes kreditlərinin qalıq həcmi də 1.1 milyard manat artaraq 15.5 milyard manata yüksəlib. Bu dövrdə banklarda fiziki şəxslərin əmanətləri 15.4 milyard manat, müddətli əmanətlər isə 9.7 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11 faiz və 18 faiz artım deməkdir. Ev təsərrüfatlarının əmanətlərində dollarlaşma səviyyəsi 34.6 faizdən 32.3 faizə enib. Hesabat dövründə bankların kapitalı illik müqayisədə 14 faiz artaraq 7.2 milyard manata yüksəlib Cari ilin ilk üç rübünün yekunlarına əsasən, bank sektorunun xalis mənfəəti də 8.2 faiz artaraq 911 milyon manata çatıb.