Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 19 noyabr, G.Mahmudlu, A.Haqverdiyeva, AZƏRTAC
Bu gün bir araya gəlməyimizin məqsədi 2026-cı il üçün diqqət mərkəzlərimizi, ortaq təşəbbüslərimizi və verəcəyimiz mesajlarımızı birgə müəyyən etməkdir. 2026-cı il strateji “yol xəritəsi” tədqiqatının nəticələri bizə vacib bir çərçivə təqdim edir. Hesab edirəm ki, əvvəlcə regional potensialımızı gücləndirəcək sahələri araşdırmalıyıq. Xüsusilə, fəlakətlərə hazırlıq, könüllülük sistemlərinin hazırlanması, gənclər başda olmaqla, könüllüləri bir araya gətirmək və qan xidmətlərində qarşılıqlı dəstək mexanizmlərinin yaradılması şəbəkəmizin effektiv təsir yarada biləcəyi ən vacib sahələr arasındadır. Bu baxımdan, 2026-cı il üçün daha tətbiq olunan və nəticəyönümlü birgə təşəbbüslərə diqqət yetirməyimiz vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclasında Türkiyənin Qızıl Aypara Cəmiyyətinin sədri Fatma Meriç Yılmaz deyib.
Onun sözlərinə görə, birgə təlimlər təşkil edilə, xüsusi mübadilə proqramları həyata keçirilə, sənədli təlim modulları hazırlana və rəqəmsal həllər tətbiq edilə bilər. Bu, əməliyyat potensialını artırmaqla yanaşı, həm də institusional əlaqələri daha da gücləndirəcək: "İqlim dəyişikliyi və rəqəmsallaşma kimi qlobal əhəmiyyətli məsələlər bütün işlərimizə sistemli şəkildə inteqrasiya olunmalıdır. Bu mövzular artıq sadəcə dəstəkləyici elementlər deyil, əsas fəaliyyətlərimizin ayrılmaz hissələrinə çevrilib. Gələn il Türkiyədə keçiriləcək TDT Dövlət Başçılarının Zirvə Görüşü bizə tarixi bir fürsət təqdim edir. Zirvə Görüşü üçün ortaq humanitar mövqenin hazırlanması Türk dünyasında humanitar həmrəyliyin gücləndirilməsi, fəlakətlərə birgə hazırlıq aparılması və könüllülüyün təşviq olunması kimi məsələlərin TDT Dövlət Başçılarının Zirvə Bəyannaməsinə daxil edilməsini təmin edəcək. Həmin yanaşma şəbəkəmizin vizyonunu həm regional, həm də qlobal miqyasda görünən edəcək və humanitar dəyərlərimizi ortaq iradə ilə yüksək səviyyəyə çatdırmaqda mühüm rol oynayacaq. Bilirik ki, birlikdə hərəkət etdikdə bu sahədəki effektivliyimizi artırırıq. Bugünkü danışıqlar təkcə 2026-cı il gündəliyimizi deyil, həm də şəbəkəmizin 2026-2030-cu illər mərhələsini formalaşdıracaq strateji istiqaməti müəyyənləşdirəcək".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.