AZ

Axios ABŞ-nin təklif etdiyi “sülh planının” tam mətnini yayımlayıb

28 maddəlik sənəd Ukraynadan geniş güzəştlər, Rusiyaya inteqrasiya və ABŞ-ın yeni təhlükəsizlik arxitekturasını nəzərdə tutur…

Poliqon xəbər verir ki, ABŞ media platforması Axios Ukrayna üzrə Vaşinqtonun hazırladığı 28 maddəlik “sülh planının” tam mətnini dərc edib. Sənəd həm ABŞ, həm Rusiya, həm də Ukrayna üçün fundamental öhdəliklər, qarşılıqlı güzəştlər və yeni təhlükəsizlik mexanizmlərini ehtiva edir. Planın detalları bölgədə müharibənin dayandırılması üçün ən genişmiqyaslı və radikal təklif kimi qiymətləndirilir.

Planın əsas istiqamətləri

Sənədə görə, Ukraynanın suverenliyi təsdiqlənir, Rusiya, Ukrayna və Avropa arasında hərtərəfli “qarşılıqlı hücumsuzluq” razılaşması imzalanır və son 30 ilin bütün mübahisəli məsələləri həll edilmiş sayılır. Rusiya qonşu ölkələrə hücum etməməyi, NATO isə şərq istiqamətində genişlənməməsini öhdəsinə götürür. ABŞ vasitəçiyilə RusiyaNATO dialoqunun bərpası nəzərdə tutulur.

Ən diqqət çəkən maddələrdən biri Ukraynaya ilk dəfə ABŞ tərəfindən NATO-nun 5-ci maddəsinə bənzər “aydın təhlükəsizlik zəmanəti” verilməsidir. Bununla yanaşı, Ukrayna ordusunun maksimum 600 min nəfərlə məhdudlaşdırılması, uzaqmənzilli silahlardan məhrum edilməsi və NATO-ya üzvlükdən Konstitusiya səviyyəsində imtina etməsi tələb olunur.

Ərazi məsələləri və statuslar

Sənədə əsasən:

Krım, Donetsk və Luqansk bölgələri ABŞ daxil olmaqla beynəlxalq səviyyədə Rusiya torpağı kimi tanınır;

Xerson və Zaporojye bölgələri təmas xətti üzrə “dondurulmuş” status alır;

Ukrayna ordusu hazırda nəzarət etdiyi bəzi Donetsk ərazilərindən çıxmalı və həmin zona

Rusiya tərəfindən daxil olunmayan demilitarizasiya bölgəsi elan edilməlidir;

Tərəflər təsbit edilən sərhədləri gələcəkdə güc yolu ilə dəyişməmək barədə öhdəlik götürür.

Təhlükəsizlik və siyasi şərtlər

ABŞ zəmanət verir ki, Rusiya Ukraynaya hücum edəcəyi halda “koordinasiyalı hərbi cavab” və sanksiyaların tam bərpası qüvvəyə minəcək. Eyni zamanda Ukraynanın provokativ raket hücumu zəmanətin ləğvinə səbəb olacaq.

Plan Ukraynanın 100 gün ərzində seçki keçirməsini, bütün tərəflərə amnistiya verilməsini və gələcək şikayətlərin qadağan olunmasını nəzərdə tutur. Sazişin icrasına Prezident Trampın rəhbərlik edəcəyi “Sülh Şurası” nəzarət edəcək.

İqtisadi paket və Rusiya–Qərb münasibətləri

Sənədə görə:

Ukraynanın bərpası üçün qlobal fond yaradılacaq, ABŞAvropa 200 milyard dollarlıq investisiya paketinə rəhbərlik edəcək;

Energetika, infrastruktur, texnologiya, süni intellekt, faydalı qazıntılar və data mərkəzləri üzrə böyük birgə layihələr nəzərdə tutulur;

100 milyard dollarlıq dondurulmuş Rusiya aktivləri Ukraynanın bərpasına yönəldiləcək, ABŞ həmin layihələrdən 50% gəlir alacaq;

Digər aktivlər ABŞRusiya birgə investisiya fonduna keçiriləcək;

Rusiya mərhələli şəkildə sanksiyalardan çıxarılacaq və yenidən G8 formatına dəvət olunacaq.
Humanitar və sosial öhdəliklər

Plan həmçinin:

bütün əsirlərin və saxlanılan mülki şəxslərin “hamı hamıya” prinsipi ilə dəyişdirilməsini;
qaçırılmış uşaqların qaytarılmasını;
ailə birləşdirmə proqramının tətbiqini;
Ukraynada və Rusiyada diskriminasiyanın ləğvini, dil və dini azlıqların qorunmasını;
nasist ideologiyasının qanunla qadağan olunmasını nəzərdə tutur.

Nəticə

Bütün tərəflərin razılığı əldə olunduğu anda atəşkəs qüvvəyə minəcək və qoşunlar əvvəlcədən razılaşdırılmış mövqelərə geri çəkiləcəklər. Saziş tam hüquqi qüvvəyə malik olacaq və pozuntulara görə avtomatik sanksiyalar tətbiq ediləcək.

Poliqon.info

Seçilən
40
16
poliqon.info

10Mənbələr