Xəbər verildiyi kimi, Avropa liderləri Dmitriyev–Uitkoff paktına alternativ olaraq müharibənin dayandırılması planı hazırlayırlar.
Musavat.com xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, Aİ bu planı yaxın günlərdə təqdim edəcək və Kiyevi məhz ona əsaslanmağa razı salmağa çalışır.
Brüsseldə Tramp komandası tərəfindən irəli sürülmüş layihəni “Ukraynanın kapitulyasiyası” adlandırır və Vaşinqtonu ən mübahisəli şərtlərdən imtina etməyə inandırmağa çalışırlar.
ABŞ və Rusiya tərəfindən dərc olunmuş plana görə təklif edilən yeniliklər bundan ibarətdir:
Zaporojye və Xerson
Tərəflərə hazırkı cəbhə xəttinə uyğun olaraq vəziyyəti “fiksasiya etmək” təklif olunur. Bu o deməkdir ki, hər iki regionun inzibati paytaxtları Ukraynanın nəzarətində qalacaq.
NATO modeli üzrə zəmanətlər
ABŞ Ukraynanı NATO-nun 5-ci maddəsinə bənzər prinsip üzrə müdafiə etmə variantını müzakirə edir - yəni Ukraynaya hücumu alyansa hücum kimi qiymətləndirmək, lakin Ukraynanın real NATO üzvlüyü olmadan.
Bərpa üçün 100 milyard dollar
Bu paket tam şəkildə Kiyevin xeyrinə olmaqla dondurulmuş Rusiya aktivlərindən formalaşdırılmalıdır.
Qalan aktivlər — bölünsün
Sızmalara görə, dondurulmuş aktivlərin qalan hissəsi ABŞ və Rusiya arasında investisiya layihələri üçün bölüşdürülməsi təklif olunur.
Ukrayna ordusu — 600 minə qədər
Bu rəqəm 2022-ci ilin İstanbul layihəsində nəzərdə tutulan 90 minlik limitdən böyükdür, lakin yenə də Ukrayna təhlükəsizliyi üçün ciddi məhdudiyyət deməkdir.
Kiyev necə reaksiya verir?
Ukraynanın BMT-dəki səfirinin müavini Kristina Qayovişin bildirib ki, Kiyev işğal olunmuş əraziləri Rusiyaya aid hesab etmir, ordunun məhdudlaşdırılmasına razı olmayacaq və dil məsələsinə dair hər hansı təzyiqi qəbul etmir.
Ukrayna ekspertinin izahı: Tramp komandasının planı niyə problematikdir?
SBU-nun keçmiş əməkdaşı, ukraynalı ekspert İvan Stupak “MO” saytına müsahibəsində planın əsas qüsurlarını belə izah edir:
“Bu sülh planı deyil, biznes-plandır”
Stupak deyir ki, sənəd geosiyasi sənəd deyil, “burada maliyyə ayırarıq, burada götürərik, burada 50% mənfəət alarıq” prinsipi ilə yazılıb.
“Görünür, sənədi geostrateqlər yox, qazanc əldə etmək istəyən iş adamları hazırlayıb”.
Ukrayna ordusunun məhdudlaşdırılmasına kim nəzarət edəcək?
Bu suala qəsdən cavab verilməyib. Stupakın fikrincə, Rusiyanın bu prosesə özü nəzarət etmək istəməsi ehtimalı yüksəkdir və bu, faktiki olaraq Rusiyanın qoşunlarını Ukraynada saxlaması demək olacaq. Bu isə qəbuledilməzdir.
Sülhməramlı missiya barədə heç nə deyilmir.
“Ukrayna və Rusiya qoşunları arasında kim dayanacaq? Kim vəziyyəti sabit saxlayacaq?”
Rusiyanın güzəştləri yoxdur.
Ekspert sənədi “kapitulyasiya” adlandırır — heç bir şişirtmə olmadan.
Stupakın nəticəsi
Plan tam şəkildə rədd edilməməlidir, çünki Kiyevin mövqeyi həssasdır:
“Danışmaq və planın maddələrini dəyişmək üçün çalışmaq lazımdır”.
Musavat.com