Xəzər rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP İdarə Heyətinin üzvü Rauf Əliyev, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycanın müasir inkişaf yolunun əsasında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və xalq-lider birliyi dayanır. Vurğulanıb ki, müstəqilliyin ilk illərində ölkənin qarşılaşdığı xaos və böhran dövründə 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə ünvanladığı müraciət xalqın nicat çağırışı olub.
Ulu Öndər bu müraciəti böyük uzaqgörənliklə dəyərləndirərək xalqa arxalanan liderlik yolunu seçib. Naxçıvanda keçirilən təsis konfransı Yeni Azərbaycan Partiyasının ideoloji təməlini formalaşdırıb.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının təsis olunmasının 33-cü ildönümü münasibətilə partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub. Eyni zamanda, YAP Xəzər rayon təşkilatının inkişafında və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman və hədiyyələr verilib.