AZ

"Bu gün iki komanda da yaxşı oynadı" -Elmar Baxşıyev

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 12-ci turunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

Fanat.Az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Mübarizəli oyuna şahidlik etdik. Hər iki komanda yaxşı iş ortaya qoydu. Bəzi anlarda oyuna diktə edən tərəf biz idik. "Turan Tovuz"u da vurğulamaq lazımdır. Təzyiq göstərəndən sonra epizodlar yaratdılar. Bizi nəyin gözlədiyini bilirdik. "Turan Tovuz" ağır komandadır. Düşünürəm ki, bu gün hər iki komanda 1 xal qazandı".

- İkinci hissədə istədiyiniz hücumları qura bilmirdiz. Bunun səbəbi nə idi?

- Komandaya hesabı qorumağı tapşırmamışdıq. Futbolçular hesabda öndə olanda psixoloji olaraq daha çox müdafiəyə diqqət yetirirlər. Hücuma da çıxırdıq. Aqressivlik var idi. Sadəcə epizodları düzgün dəyərləndirə bilmirdik. Rəqib ikinci hissədə əvəzetmələrdən sonra oyunu dəyişməyi bacardı. Bu gün iki komanda da yaxşı oynadı.

- Sumqayıtda oynamağın komandaya hansısa təsiri var?

- Həmişə oynadığımız "Liv Bona Dea Arena" da bizə ev sayılmır. Hamı bilir ki, biz haranı təmsil edirik. Mən də, rəhbərlik də istəyərdik ki, öz azarkeşlərimizin qarşısında çıxış edək. Məndən asılı məsələ deyil. Mənim istəyim ev yiyəsi kimi dolu tribunaların qarşısında oynamaqdır. O da komandaya impuls verir. Yenə də ümidliyik. Nə vaxtsa Naxçıvana qayıdacağıq.

- Turnir cədvəlinin 6-cı pilləsindəsiz. Zəif çıxışın səbəbi nədir?

- Sizin baxışınızla bizim baxışımız bir az fərqlidir. Mövsümün əvvəlidir. Komandalar bir-birinə çox yaxındır. Düşünmürəm ki, zəif çıxış edirik. Bu gün aparıcı oyunçularımız yox idi. Ona görə rotasiyalara getməli olduq. Daha yuxarı pillələrdə ola bilərik.

- Kurban Berdiyev bildirdi ki, hakimlərdən danışsaq da, heç nə dəyişmir. Siz bu gün idarəçilik haqda nə düşünürsünüz?

- Hakimlərdən danışmağa başlasaq, futbolu unudacağıq. Bütün dünyada belə problemlər yaşanır. İnanıram ki, referilər oyunun ritminə təsir etməz. Bu gün də xırda epizodlar var idi, etirazlarımız oldu. Bunlar futbolun içində olan elementlərdir.

Seçilən
15
8
fanat.az

9Mənbələr