“Karvan”ın baş məşqçisi Azər Həşimov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, bu gün Yevlaxda baş tutmuş oyun meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Azər Həşimov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İkinci dövrənin ilk oyunu idi. Öz azarkeşlərimizin qarşısında qələbə qazanmaq istəyirdik. Çox təəssüf ki, məğlub olduq. Qarşıda 21 tur var, heç nə bitməyib. Güman edirəm ki, “Karvan” Premyer Liqada qalacaq”.
Həşimov azarkeşlərin oyunun sonunda onu istefaya çağırmasına da münasibət bildirib:
“İstefa məsələsi futbolda var. Bu barədə yəqin ki, rəhbərlik qərar verəcək. Hələ ki, heç nə deyə bilmərəm. Bu mövsüm mənim Premyer Liqada debütümdur. Bizim çətinliklərimiz çox olub. Deyərdim ki, rəqiblərimizin hamısının şəraiti bizdən yaxşı olub. Meydança problemimiz var idi. İki həftədir burada məşq edirik. Pərdə arxasında görünməyən o qədər problem var ki. Hamı səhvi məşqçidə görür”.
Baş məşqçi ilk hissədə Vüsal Məsimovu əvəzləmək istərkən oyunçunun meydanı tərk etməməsinə də aydınlıq gətirib:
“Araz-Naxçıvan”la oyunda Vüsalın zədəsi var idi. Bu gün özü köməkçilərimə demişdi ki, əvəzetmə olsun. Sonra dedi ki, yaxşıyam, dəyişməyin. Vüsalın əvəzetmə istəməsini də mənə köməkçilər demişdilər. Ona görə anlaşılmazlıq oldu. Yüz faiz əmin olun. Heç bir problem yoxdur”.
