AZ

Məktəblilər arasında zorakılıq - Psixoloq səbəbləri açıqlayır

Son aylarda məktəblilər arasında dava və zorakılıq halları artıb. Bu tendensiya təkcə fiziki təhlükəsizlik məsələsi deyil, həm də məktəb mühitində psixoloji rifahın zəiflədiyini göstərir. Şagirdlər arasında qarşılıqlı hörmətsizlik, aqressiv davranış və zorakılıq halları həm təhsil prosesinə, həm də sosial münasibətlərə mənfi təsir göstərir.Mövzu ilə bağlı Missiya.Az-a danışan psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bildirib ki, son aylarda məktəblilər arasında dava və kəskin zorakılıq hallarının artması cəmiyyət üçün ciddi narahatlıq doğurur:

"Bu hadisələr birdən-birə baş vermir. Onların arxasında həm sosial, həm emosional, həm də ailədaxili faktorların birləşməsi dayanır. Bu kontekstdə internet oyunlarının təsiri də tez-tez gündəmə gəlir və məsələni daha dərin psixoloji analizlə qiymətləndirmək lazımdır. Qeyd edim ki, zorakı səhnələrə əsaslanan, aqressiyanı “mükafatlandıran” və qarşı tərəfi məhv etmə üzərində qurulan oyunlar bəzi uşaqlarda real və virtual dünya arasındakı sərhədləri zəiflədir. Xüsusilə emosional özünü tənzimləmə bacarığı zəif olan, ailə nəzarətindən kənarda qalan, sosial dəstəyi zəif olan uşaqlarda bu cür oyunlar real davranış modellərinə çevrilə bilər. Əlbəttə, hər oyun oynayan uşaq aqressiv davranış göstərmir. Lakin psixoloji zəiflikləri olan və gərgin mühitdə böyüyən uşaqlarda bu oyunlar risk faktoruna çevrilə bilir"- deyə o bildirib.

Psixoloq qeyd edib ki, burada daha böyük bir problem də ortaya çıxır:

"Belə ki, uşaqlar streslə başa çıxmaq üçün sağlam üsullar tapa bilməyəndə, virtual məkanda gördüklərini real həyatda davranış modelinə çevirə bilirlər. Yeniyetmələr üçün imitasiya ən güclü psixoloji mexanizmlərdən biridir. Güclü görünmək, özünü təsdiqləmək, qrup qarşısında nüfuz qazanmaq kimi ehtiyaclar onları daha radikal davranışlara itələyə bilər. Sosial şəbəkələrdə və oyunlarda zorakılığın normallaşdırılması isə bu prosesin sürətlənməsinə gətirib çıxarır. Bununla yanaşı, problemi yalnız internet oyunları ilə məhdudlaşdırmaq düzgün olmazdı. Ailədaxili münasibətlərin zəif olması, emosional ünsiyyətin kifayət qədər qurulmaması, uşağın davranışlarına valideyn nəzarətinin olmaması, məktəbdə sosial-psixoloji xidmətin passiv fəaliyyəti, uşağın özünü dəyərsiz hiss etməsi bütün bunlar aqressiv davranışın formalaşmasında oyunlardan daha böyük rol oynayır. Ona görə də riskli davranışların qarşısının alınması üçün hərtərəfli yanaşma vacibdir. Uşağın oyunlara sərf etdiyi vaxt və məzmun valideyn tərəfindən nəzarətdə olmalı, onun emosional vəziyyəti məktəb psixoloqu tərəfindən mütəmadi qiymətləndirilməli, ailə mühiti daha dəstəkləyici və dialoqa açıq olmalıdır".

E.Rüstəmov onu da vurğulayıb ki, valideyn-uşaq münasibətlərində ünsiyyət gücləndikcə, uşaq özünü ifadə edə bildikcə və təhlükəsiz emosional mühit formalaşdıqca zorakılıq meyilləri də azalır:

"Bu səbəbdən də internet oyunları təkbaşına səbəb deyil, amma mövcud psixoloji və sosial problemlərin içində aqressiyanı gücləndirə bilən bir faktordur. Əsas məsələ uşağın psixoloji vəziyyətini, ailə və məktəb mühitini, emosional ehtiyaclarını düzgün qiymətləndirmək və mütəmadi dəstəkləməkdir".

Seyranə QuliyevaMissiya.Az

Seçilən
46
10
missiya.az

10Mənbələr