AZ

Avropada məcburi hərbi xidmət yenidən gündəmə gəlir

Bir çox ölkə təhlükəsizlik risklərinə görə məcburi hərbi çağırışı bərpa edir...

Poliqon xəbər verir ki, Avropanın uzun illər “keçmişdən qalmış model” hesab etdiyi məcburi hərbi xidmət sürətlə qayıdır və qitənin təhlükəsizlik arxitekturasında əsas elementə çevrilir. Bunun əsas səbəbi isə Rusiya ilə gərginlik, NATO-nun müdafiə tələblərinin artması və regional risklərin sürətlə yüksəlməsidir.

Anadolu Agentliyinin yazdığına görə, Norveç artıq illərdir ki, qadınlar da daxil olmaqla bütün vətəndaşlarını hərbi xidmətə çağırır və Skandinaviya regionunda gender bərabərliyi prinsipi ilə seçilir. İsveç bir müddət dayandırdığı çağırışı yenidən bərpa edib və ordusunu kadr çatışmazlığından sığortalamağa çalışır. Danimarka isə daha da irəli gedərək məcburi xidmət proqramını genişləndirib və qadınların da xidmətə cəlb edildiyini elan edib.

Baltik ölkələri, Litva və Latviya təhlükəsizlik mühitini nəzərə alaraq çağırışı kritik element kimi qiymətləndirir və onu yenidən tətbiq etməklə ordularının sayını və hazırlıq səviyyəsini artırmağa çalışırlar. Polşa yeniyetmələr üçün silah hazırlığı proqramları tətbiq edir, gənclərin ilkin hərbi bacarıqlara sahib olmasını zəruri hesab edir.

Avropanın ən böyük ölkələrindən Almaniya da gözlənilmədən “çağırışın yeni versiyası” üzərində işləməyə başlayıb. Müdafiə Nazirliyi gənclərin xidmətə hazırlığı ilə bağlı məlumat toplayır və müxtəlif modellərin tətbiqini müzakirə edir. Keçmiş Yuqoslaviya ölkəsi Xorvatiya isə 17 illik fasilədən sonra məcburi hərbi xidməti geri qaytarmağa hazırlaşır.

Fransa demək olar ki, yeganə istisna kimi qalsa da, tamamilə fərqli model tətbiq edir: burada orduda xidmət könüllüdür, lakin bütün yeniyetmələr qısa müddətli icbari hazırlıq proqramından keçir.

Ümumi mənzərə göstərir ki, Avropa yeni təhlükəsizlik reallığında müdafiə strategiyasını yenidən formalaşdırır və ölkələrin öz vətəndaşlarının birbaşa müdafiə prosesində iştirakına artan önəm verir. Bu trend yaxın illərdə qitədə daha geniş miqyas alacaq və hərbi strukturların yenilənməsi ilə yanaşı, cəmiyyətlərin müdafiə anlayışına da ciddi təsir göstərəcək.

Poliqon.info

Seçilən
38
10
poliqon.info

10Mənbələr