AZ

Ağ Ev yaxınlığındakı hücumla bağlı yeni DETALLAR

Vaşinqtonda iki Milli Qvardiya hərbçisi Ağ Ev yaxınlığında qətlə yetirilib — Tramp “binanı dərhal bloklamağı” əmr edib

Musavat.com xəbər verir ki, Vaşinqtonda — Ağ Evə yaxın ərazidə baş verən silahlı hücum nəticəsində iki ABŞ Milli Qvardiyası hərbçisi güllələnərək öldürülüb. Hadisədən sonra Ağ Ev fövqəladə rejimə keçirilib və bina qısa müddətdə bloklanıb. Prezident Donald Tramp həmin vaxt Floridada olub.

Qərbi Virciniya ştatının qubernatoru Patrik Morrisi X hesabında yazaraq bildirib ki, öldürülən hər iki hərbçi məhz onun ştatının Milli Qvardiya üzvləri olub. Ağ Ev də bu açıqlamanı repost edib.

Şübhəli saxlanılıb

Vaşinqton polisi şübhəli şəxsin saxlanıldığını və ərazinin təhlükəsizliyinin təmin edildiyini açıqlayıb. CNN-in məlumatına görə, hücumçu yaralanıb və bunun, iki hərbçinin cavab atəşi nəticəsində baş verdiyi ehtimal olunur.

Tramp sosial şəbəkədə şübhəlini “heyvan” adlandırıb və ağır cəza veriləcəyini bəyan edib.

Hadisə mərkəzdə — Ağ Ev yaxınlığında baş verib

Atışma Ağ Ev yaxınlığında — ofis işçilərinin sıx olduğu, restoran və metro çıxışları ilə əhatələnmiş ərazidə baş verib. Şahidlər iki güclü partlayışa bənzər səs eşitdiklərini, insanların qaçaraq harasa sığınmağa çalışdığını bildiriblər.

Hadisə zamanı bütün federal təhlükəsizlik qurumları — Gizli Xidmət, Metropolitan Polis və Metro Polisi — genişmiqyaslı əməliyyata cəlb olunub.

Milli Qvardiya niyə Vaşinqtonda idi?

Milli Qvardiya bölmələri avqustdan etibarən Tramp administrasiyasının qərarı ilə paytaxta gətirilmişdi. Onların missiyası immiqrasiya və cinayətlə mübarizə çərçivəsində şəhərdə patrul aparmaq idi. Hazırda şəhərdə təxminən 2200 Milli Qvardiya hərbçisi xidmət aparırdı.

Hadisə ilə bağlı araşdırma davam edir. 

 

Musavat.com

Seçilən
30
10
musavat.com

10Mənbələr