AZ

“Kurort Naftalan”da şərait yenilənib, müalicə və istirahət imkanları genişləndirilib

Bakı, 27 noyabr, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən həmkarlar ittifaqı üzvlərinin sağlamlığının qorunması və mənalı istirahəti üçün sistemli tədbirlər davam etdirilir, müalicə-sağlamlıq mərkəzlərində şərait yaxşılaşdırılır.

AHİK-dən AZƏRTAC-a bildirilib ki, müalicə-sağlamlıq turizmi sahəsində beynəlxalq səviyyədə tanınan Naftalan şəhərində yerləşən İttifaqın “Kurort Naftalan” sağlamlıq mərkəzində də şərait yaxşılaşdırılıb, infrastruktur yenilənib, müasir avadanlıqlarla təchiz edilib.

Görülən işlərlə tanış olmaq üçün Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri və AHİK-in nümayəndələri sağlamlıq mərkəzini ziyarət ediblər.

Tədbir iştirakçılarına məlumat verilib ki, mərkəzin yataq korpusu müasir tələblərə uyğun yenidən qurulub, otaqlar yeni avadanlıqlarla təchiz edilib. Korpusda ümumilikdə 50 çarpayıdan ibarət 26 otaq vardır. Bundan əlavə, burada həkim, masaj və vanna otaqları, fizioterapiya kabinetləri və yeməkxana müalicə alanların xidmətindədir.

Sağlamlıq mərkəzinin müalicə korpusunda da şərait yaxşılaşdırılıb və müasir tibbi avadanlıqlarla təmin edilib. Korpusda müayinə, masaj, fizioterapiya, parafin terapiyası və karbon terapiyası otaqları, inhalyasiya bölməsi, idman zalı və müxtəlif profilli tibbi kabinetlər fəaliyyət göstərir.

Ərazidə, həmçinin infrastrukturun yenilənməsi işləri aparılıb, daxili yollara yeni asfalt örtüyü salınıb. Sağlamlıq mərkəzi Wi-Fi internet, IP telefoniya və təhlükəsizlik kameraları ilə təchiz edilib. Mərkəzin ərazisində ağac və bəzək kolları əkilib.

Tədbir iştirakçıları sağlamlıq mərkəzində yaradılan şəraiti, müalicə və istirahət imkanlarını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, “Kurort Naftalan”ın müalicə bazası dayaq-hərəkət sistemi və dermatoloji xəstəliklərin müalicəsi üçün müasir - 4-cü nəsil tibbi avadanlıqlarla təmin olunmuş fizioterapiya xidmətlərini, həmçinin müalicəvi Naftalan nefti əsasında həyata keçirilən vanna prosedurlarını əhatə edir. Mərkəzin xidmətlərinə Naftalan vannaları, kombinə edilmiş Naftalan müalicə prosedurları, manual terapiya, parafin terapiyası, su-fizioterapiya (hidroterapiya), inhalyasiya və digər müalicə prosedurları daxildir.

Seçilən
25
9
azertag.az

10Mənbələr