Dekabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, qonaqları salamlayan Şeyxülislam A. Paşazadə Azərbaycanda mövcud unikal multikultural həyat tərzi haqqında, Prezident İlham Əliyevin səy və təşəbbüsləri sayəsində Azərbaycan dövlətinin beynəlxalq dinlərarası dialoq müstəvisində qabaqcıl rolu, dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsinin dünya miqyasında dinlərarası əməkdaşlıq istiqamətində fəaliyyəti barədə danışıb.
Səmimi şəraitdə keçən görüşdə Azərbaycanda tarixən mövcud olan tolerant mühit, bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının ölkəmizdə bir ailə kimi mehribanlıq və əmin-amanlıq şəraitində yaşaması məmnunluqla vurğulanıb. Digər dini və etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına dövlət səviyyəsində yaradılan şərait və göstərilən diqqət, qayğı yüksək qiymətləndirilib, yəhudilərin ölkəmizin ictimai həyatında fəal iştirakı qeyd edilib.
QMİ sədri bu yaxınlarda ABŞ-də səfərdə olarkən keçirdiyi yüksək səviyyəli görüşlər, din xadimləri və ictimai liderlərlə ünsiyyətləri zamanı Azərbaycana münasibətdə müsbət tendensiyaların artdığından məmnunluğunu ifadə etmişdir. Şeyxülislam A. Paşazadə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Ağ Evdə Ermənistan-Azərbaycan sülh protokolunun imzalanmasının tarixi əhəmiyyət kəsb etdiyini, ölkəmiz və bölgə üçün xeyirlərə vəsilə olacağını qeyd edib.
Şeyxülislam A. Paşazadə ABŞ nümayəndə heyətinin Bakıda və ölkəmizin bölgələrində olarkən müxtəlif dinlərin nümayəndələrinin harmoniyalı həyat tərzini müşahidə etmək imkanına malik olduqlarını vurğulayaraq, Azərbaycandakı müxtəlif etniklər və dinlərin örnək birgəyaşayış həyat tərzindən nümunə götürməyin bütün dünya ölkələri, o cümlədən, ABŞ üçün faydasını xüsusi qeyd edib.