AZ

Rusiya-Ukrayna müharibəsinin ən mübahisəli elementi: Lenini də çətinə salmışdı

BAKI, 11 dekabr. TELEQRAF

Rusiya və ABŞ Kiyevdən hələ də Ukraynanın nəzarətində olan Donetsk vilayətinin təxminən dörddə bir, qonşu Luqansk vilayətinin bir hissəsindən geri çəkilməsini tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Donetsk və Luqansk vilayətləri - yerli əhalinin “Donbas” adlandırdıqları bölgələr Böyük Britaniyanın təxminən yarısı qədərdir, Amerikanın Qərbi Virciniya ştatına bənzəyən geniş şərq çölünü təşkil edir.

Çoxsaylı polad zavodları və kömür mədənlərinin yerləşdiyi Donbas vaxtilə SSRİ-nin sənaye mərkəzi olub. Bu gün burada surjik adlanan, rus və ukrayn dillərinin qarışığı olan bir dildə danışılır.

Bolşevik İnqilabının lideri Vladimir Lenin 1921-ci ildə yoldaşlarına göndərdiyi məktubda Donbası “olduqca zəhərli” kimi təsvir etmiş, burada işləmək üçün “siyasi qaz maskası” lazım olduğunu yazmışdı.

Donbas məsələsi indi də aktual olaraq qalır, bu ərazilər 1945-ci ildən bəri Avropada ən böyük müharibəyə son qoymağa yönəlmiş sülh danışıqlarının ən mübahisəli elementlərindən birinə çevrilib. Rusiya 2014-cü ildən bəri bölgəyə olan iddialarını həm danışıqlar, həm də böyük hərbi itkilər hesabına əldə etməyə çalışır.

Rusiyanın bütün Donbasa nəzarəti ələ keçirməsi Ukraynanın şərqində rus qoşunlarının önünə “qala zənciri” kimi çıxan Pokrovsk, Kostyantinivka, Drujkivka, Kramatorsk və Slovyansk şəhərlərini ələ keçirmək demək olardı.

Məlumata görə, hazırda Rusiya ordusu Pokrovsk şəhərinin əksər hissəsinə nəzarət edir, həmçinin Kostyantinivkanın cənubuna daxil olub.

Ukrayna Donbası saxlamaq üçün müdafiəyə milyardlarla dollar xərcləyib, böyük itkilər verib. Ukraynalılar rusları buradan uzaq tutmaq üçün bölgəni tikanlı məftillər, səngərlər, minalanmış sahələr və digər maneələrlə əhatə edib. İndi Rusiya lideri Vladimir Putin onu ukraynalılardan istəyir.

Analitiklərə görə, Rusiya ordusu hələ də Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan qala şəhərlərini tuta və ya ABŞ-nin təklif etdiyi kimi, danışıqlar yolu ilə onları ala bilsələr, Rusiya üçün Ukraynanın dərinliklərinə doğru irəliləmək daha asan olacaq.

Ukraynanın iki yüksək rütbəli rəsmisi nəşrə deyib ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Kiyevə sadəcə Donetskin şərq hissəsinin qalan 25 faizini Moskvaya verəcəyi təqdirdə ədalətli sülh və uzunmüddətli və daha dağıdıcı müharibənin qarşısını alına biləcəyini bildirib.

Nəşr Donald Trampın “Ukraynanın kozırları yoxdur” sözlərini də xatırladıb. Amerika liderinin iddiasına görə, Ukrayna indi “ağlabatan” hesab etdiyi ərazi güzəştlərindən imtina edərsə, 2026-cı ildə müharibədə daha çox ərazi itirə bilər.

Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa İttifaqı rəsmiləri hesab edir ki, Ukraynanın ərazilərdən döyüşsüz əl çəkməsi zəhərli həbi udmağa məcbur olmaq demək olacaq. Ukrayna lideri ərazini Rusiyaya verməyə heç bir hüquqi və mənəvi haqqının olmadığını da söyləyib. Ukraynanın əksər analitikləri də ərazi güzəştlərinə ictimai reaksiyanın sərt olacağını gözləyirlər.

ABŞ-nin 28 bəndlik ilkin sülh planında Ukrayna qoşunlarının Donetskdən çıxarılmasından sonra “neytral, silahsızlaşdırılmış bufer zona” yaradılması təklifi yer alır. Planda bu zonanın “Rusiyaya məxsus beynəlxalq səviyyədə tanınmış ərazi” olacağı da qeyd edilir. Amma deyilir ki, Rusiya qoşunları bu demilitarizasiya zonasına daxil olmayacaq.

ABŞ-nin ordu naziri Den Driskoll Kiyevdə olarkən bəyan edib ki, Vaşinqton saziş çərçivəsində (və ya Rusiyaya ərazi güzəşti müqabilində) zəmanətli şəkildə Ukraynanın təhlükəsizliyini təmin etməyə, eləcə də şərq cəbhə xətti boyunca “ən müasir silahsızlaşdırılmış zona” yaratmağa hazırdır.

Danışıqlarda iştirak edən Ukrayna rəsmilərinin dediyinə görə, ABŞ 72 il əvvəl Şimali və Cənubi Koreyanı sarsıntılı atəşkəs sazişi imzaladıqdan sonra ayıran zonaya bənzər xəttin çəkilməsinə can atır.

Volodimir Zelenski “silahsızlaşdırılmış zona” ideyasını dondurulmuş münaqişəyə aparan yol kimi görür. Müharibədə qısamüddətli fasilə Moskvaya yeni hücuma başlamazdan əvvəl yenidən qruplaşmaq üçün vaxt verə bilər.

Finlandiyalı analitik Emil Kastehelminin sözlərinə görə, Rusiyanın “silahsızlaşdırılmış zona” ilə bağlı bəyanatlarına etibar etmək olmaz: “Arxasında Qərbin güclü təhlükəsizlik zəmanətləri olsaydı, prinsipcə, Ukrayna bununla razılaşa bilərdi”.

Ukrayna ərazisində Qərb qoşunlarının, xüsusən də Rusiyanın yeni təcavüzünə cavab verməli olan qüvvələrin yerləşdirilməsi məsələsi uzaq perspektiv olaraq qalır, bu, Trampın sülh planında da qeyd olunmayıb.

Kastelhelminin fikrincə, “silahsızlaşdırılmış zona”nın yaradılması bəndi sülh sazişinə daxil edilənə qədər Donbasın təhvil verilməsi Ukrayna üçün çox riskli olacaq:

“Qərbin bundan sonra Rusiyaya qarşı sanksiyaları ləğv etsə və Ukraynaya hərbi yardımı azaltsa, risk səviyyəsi daha da artacaq”.

Təklifin son variantını nəzərdən keçirən yüksək rütbəli Ukrayna rəsmisi əlavə edib ki, sülh planı Rusiya qoşunlarının “silahsızlaşdırılmış zonan”ın şərq sərhədindən çıxarılmasını nəzərdə tutmur.

Seçilən
40
50
teleqraf.com

10Mənbələr