Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə saxlanılıblar.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onlara 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov, Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov və digər şəxslər Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İş üzrə ilkin olaraq ümumilikdə altı nəfər ittiham olunur.
Baş Prokurorluğun Mətbuat xidmətindən sayta məlumatı təsdiq ediblər.
***14:23
Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov da həbs olunub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, ona Cinayət Məcəlləsinin 206.4; 213-1.2.2; 213-1.2.3 və və 308.2-ci maddələri üzrə ittiham elan olunub.
Rəşad Daşdəmirov və Fərid Usubov barəsində məhkəmənin qərarı ilə iki ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
***14:06
Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi və daha bir neçə nəfər qaçaqmalçılıq və digər ittihamlarla saxlanılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, ümumilikdə altı nəfər bir sıra cinayətlərdə, o cümlədən, qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Onlardan Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov və digər bir neçə nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
***12:49
Uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğlu Fərid Usubov həbs edilib.
BAKU.WS Gununsesi.info-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Fərid Usubov Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
Bildirilir ki, Fərid Usubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi vəzifəsində çalışıb.