Türkiyənin tanınmış müğənnisi Güllünün ölümü ilə bağlı aparılan istintaq çərçivəsində "yaxın qohumu əvvəlcədən planlaşdıraraq qəsdən öldürmə" maddəsi ilə saxlanılan qızı Tuğyan Ülkem Gülter barəsində həbs qətimkan tədbiri seçilib.
Xəbər verilir ki, İstanbulda 9 dekabr tarixində "qəsdən adam öldürmə" ittihamı ilə saxlanılan Sultan Nur Ulu 12 dekabrda Yalova Polis İdarəsində verdiyi ifadədə Tuğyan Ülkem Gülterin anası Güllünü pəncərədən itələdiyini iddia edib.
Tuğyan Ülkem Gülter prokurorluqdakı ifadəsindən sonra həbs tələbi ilə magistrat məhkəməsinə göndərilib və məhkəmə onun barəsində həbs qərarı çıxarıb. Məhkəməyə aparılmazdan əvvəl xəstəxanada tibbi müayinədən keçirilən Gülter xəstəxana qarşısında toplaşan bir qrupun etirazı ilə qarşılaşıb, daha sonra birbaşa məhkəməyə gətirilib.
İstintaq çərçivəsində hadisə günü eyni otaqda olan Sultan Nur Ulu da məhkəməyə cəlb olunub. Məhkəmənin qərarı ilə onun barəsində "ev dustaqlığı" qətimkan tədbiri seçilib. Saxlanılan digər şəxslər - Arif Ulu və daha iki nəfər isə prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılıblar.
İstintaq davam edir.
Xatırladaq ki, hadisə Yalova vilayətinin Çinarcık rayonunda, Harmanlar məhəlləsində yerləşən 6 mərtəbəli binanın terras mərtəbəsində baş verib. Məlumata görə, 52 yaşlı Gül Tut yaşadığı mənzilin pəncərəsindən naməlum səbəbdən yıxılaraq həyatını itirib.//milli.az