AZ

Tramp Zelenskiyə qarşı təzyiqi ARTIRIR - Ukrayna üzrə danışıqlarda KRİTİK MƏRHƏLƏ

Ukraynadakı müharibə ətrafında diplomatik fəallıq kəskin şəkildə artıb. Sülh danışıqları müharibənin başlanğıcından bəri ən intensiv səviyyəyə çatıb.

Paralel.az xəbər verir ki , bu barədə Bild qəzeti öz mənbələrinə istinadən yazır.

Məlumata görə, 15 dekabr, bazar ertəsi günü Berlində Avropa ölkələrinin liderləri, Aİ və NATO rəhbərliyinin iştirakı ilə yüksək səviyyəli sammitin keçirilməsi planlaşdırılır. Ukrayna Prezidenti Volodimir Zelenskinin də Almaniya paytaxtına səfəri gözlənilir.
 

Eyni zamanda The Wall Street Journal nəşri bildirir ki, danışıqlar aparan ABŞ nümayəndələri — Stiv Uitkoff və Cared Kuşner də Berlində olacaqlar. Halbuki əvvəlcə danışıqların yalnız videobağlantı vasitəsilə aparılacağı nəzərdə tutulurdu.


Bild yazır ki, Berlində bu addım “Ağ Evin tərəflərə təzyiq göstərdiyinin və sürətli razılaşma əldə etmək istədiyinin siqnalı” kimi qiymətləndirilir.

Nəşrin məlumatına görə, hazırda danışıqlar 2022-ci ilin fevralından bəri heç vaxt olmadığı qədər intensiv aparılır. Mənbələr iddia edirlər ki, Donald Tramp Zelenskiyə sərt təzyiq göstərir və onu güzəştlərə sövq edir.

Bu təzyiqlər Ukrayna prezidentinin korrupsiya qalmaqalı fonunda ölkə daxilində siyasi mövqeyinin zəifləməsi ilə də əlaqələndirilir. Ən həssas mövzulardan biri Donbas məsələsi olaraq qalır.
 

ABŞ-ın təklifinə əsasən, Ukrayna qoşunları Donetsk vilayətinin bir hissəsindən çıxarılmalıdır. Daha sonra həmin ərazi “demilitarizasiya zonası”na çevrilə bilər. Bundan əlavə, danışıqlarda Ukrayna üçün təhlükəsizlik zəmanətləri, dağıdılmış şəhərlərin bərpası və dondurulmuş Rusiya aktivlərinin taleyi də müzakirə olunacaq.


Bild-in məlumatına görə, Aİ və ABŞ arasında bu vəsaitlərin istifadəsi ilə bağlı hələlik vahid mövqe yoxdur. Avropa ölkələrinin bir qismi bu pulların birbaşa Ukraynanın dəstəklənməsinə yönəldilməsini istəyir, Vaşinqton isə ABŞ-ın rəhbərliyi altında bərpa fondunun yaradılmasında israrlıdır.

Mənbələrin bildirdiyinə görə, Trampın danışıqlarda konkret nəticə görmək istədiyi yeni qeyri-rəsmi son tarix Milad bayramı hesab olunur.

Seçilən
30
2
paralel.az

10Mənbələr