AZ

Özbəkistanda Məhəmməd Füzulinin “Seçilmiş əsərləri” kitabının təqdimat mərasimi keçirilib - FOTO

Özbəkistan Yazıçılar İttifaqında böyük Azərbaycan şairi Məhəmməd Füzulinin “Seçilmiş əsərləri” kitabının təqdimat mərasimi olub.

“İki sahil” xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyindən verilən məlumata görə, tədbirdə görkəmli dövlət və ictimai xadimlər, şairlər, yazıçılar, ədəbiyyatşünas alimlər, tərcüməçilər və tələbələr iştirak ediblər. Mərasimi Özbəkistan Yazıçılar İttifaqının sədri, şair Siracəddin Səyyid açaraq Məhəmməd Füzulinin yaradıcılığı haqqında geniş məlumat verib. Onun sözlərinə görə, şairin demək olar ki, bütün əsərləri özbək dilinə tərcümə olunub və Füzuli poeziyası bütün türk xalqları arasında böyük sevgi və ehtiramla oxunur. Xüsusilə “Leyli və Məcnun” poemasının özbək xalqı üçün son dərəcə əziz və dəyərli olduğu vurğulanıb.

Daha sonra Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli çıxış edərək bildirib ki, Məhəmməd Füzulinin “Seçilmiş əsərləri” kitabının nəşri Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin son illər dövlət başçıları səviyyəsində ardıcıl və sistemli şəkildə inkişafının bariz nümunəsidir. O vurğulayıb ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin kitaba yazdığı ön söz nəşrə xüsusi dəyər qatmaqla yanaşı, özbək və Azərbaycan xalqları arasında dostluq və qarşılıqlı hörmət ruhunu əks etdirir və Azərbaycan Prezidenti İlham Əliyevin humanitar sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində apardığı siyasətlə səsləşir.

Tədbirdə, həmçinin Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini, şair Qayrat Məcid, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, onlayn formatda həmin şöbənin əməkdaşı Yaşar Qasım, özbək alimləri — professor Maqsud Əsədov, filologiya elmləri doktoru Gülbahar Aşurova və digərləri çıxış ediblər. Çıxışlarda Məhəmməd Füzulinin təkcə Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə Şərq klassik poeziyasının böyük söz ustadı olduğu qeyd edilib.

Qeyd edək ki, kitab Özbəkistan Yazıçılar İttifaqı və Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin birgə təşəbbüsü ilə Daşkənddə “Zilol buloq” nəşriyyatında nəfis tərtibatla çap olunub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev kitaba “Özbək və Azərbaycan xalqlarının birliyi” adlı ön söz yazıb. Nəşrdə şairin “Divan”ı, “Leyli və Məcnun”, “Bəngü badə”, “Meyvələrin söhbəti” poemaları və qəzəlləri yer alıb.

Kitabı nəşrə hazırlayan, lüğət və izahların müəllifi Mirzə Kenjabekdir. Nəşrin hazırlanması zamanı Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin kitabxanasında saxlanılan nəstəliq xətti ilə yazılmış “Divani Mövlana Füzuli” və “Divani Füzuli” əlyazmalarından, Türkiyənin Süleymaniyyə kitabxanasında qorunan “Divani Füzuli əleyhir-rəhmə” əlyazmasının bir nüsxəsindən, eləcə də Səidjon Taşmuhamedov ailəsində saxlanılan “Divani Füzuli maa Leyli və Məcnun” litoqrafik nəşrindən istifadə olunub. Kitaba Məhəmməd Füzulinin əvvəllər nəşr olunmayan əsərləri də daxil edilib.

Seçilən
39
6
ikisahil.az

7Mənbələr