“Mançester Yunayted”in keçmiş sol cinah müdafiəçisi Patris Evra, “qırmızı şeytanlar”ın portuqal baş məşqçisi Ruben Amorim haqda söhbət açıb.
Arena.az fransalı veteran futbolçunun müvafiq fikrini təqdim edir:
“Ona həmişə etibar etmişəm, hətta belə asan olmayan vaxtlarda. Amorim bu komanda üçün ölməyə də hazırdır. O, birinci yerə öz maraqlarını deyil, klubun maraqlarını qoyur”, deyə Evra vurğulayıb.
Xatırladaq ki, Ruben Amorim məşqçiliyə 2018/2019-cu illər mövsümündə “Kaza Piya” klubunda başlayıb. Bundan sonra gənc portuqal mütəxəssis “Braqa”nın “B” komandasını, ardınca isə əsas komandasını çalışdırıb. 2020-ci ilin mart ayında isə Amorim “Sportinq”in sükanı arxasına keçib.
Amorim rəhbərliyi müddətində “şirlər”ə 2 dəfə Portuqaliya Premyer Liqasını (2020/2021, 2023/2024), 2 dəfə Portuqaliya Liqa Kuboku (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunu (2021/2022) qazandırıb. Həmçinin Amorim “Braqa” ilə Portuqaliya Liqa Kubokunun (2019/2020) qalibi olub.
“Mançester Yunayted” Amorimi 2024-cü ilin noyabrında baş məşqçi postuna gətirib. Portuqal mütəxəssisin İngiltərə nəhəngi ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Amorim “Mançester Yunayted”in sükanı arxasında 58 oyuna çıxıb, 24 qələbə, 12 heçə-heçə, 22 məğlubiyyət yaşayıb. Topların fərqi isə 114:106 nisbətindədir.
