AZ

Zelenski və Uitkoff arasında Berlin danışıqları başa çatıb

Ukrayna və ABŞ nümayəndələri sülh planı üzrə müzakirələri sabah davam etdirəcək...

Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla Berlində apardığı danışıqlar yekunlaşıb və görüşlər sabah davam etdiriləcək.

Poliqon xəbər verir ki,bu barədə Ukraynanın “Suspilne” nəşri Prezident Aparatına istinadən məlumat yayıb.

Məlumata görə, görüş beş saatdan çox davam edib. Danışıqlarda müzakirə olunan mövzuların detalları açıqlanmayıb. Tərəflər qapalı formatda fikir mübadiləsi aparıb və yekun qərarlarla bağlı rəsmi açıqlama verilməyib.

Bildirilir ki, Vaşinqton və Kiyev nümayəndə heyətləri ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə irəli sürdüyü sülh planını müzakirə ediblər. Ukrayna prezidenti daha əvvəl bu planın əsas bəndlərindən birini açıq şəkildə qəbul etmədiyini bildirsə də, danışıqların konstruktiv keçəcəyinə ümid etdiyini vurğulamışdı. Zelenskinin sözlərinə görə, Kiyev Avropa tərəfdaşları ilə razılaşdırılmış düzəlişlərə ABŞ-dən hələlik rəsmi reaksiya almayıb.

Eyni zamanda, Rusiya tərəfi Trampın sülh planının yenilənmiş variantının Moskva üçün məqbul olacağına şübhə ilə yanaşır. Bu mövqe Rusiyanın rəsmi və qeyri-rəsmi açıqlamalarında da əksini tapıb.

The Financial Times qəzetinin yazdığına görə isə Tramp administrasiyası Ukraynadan Vaşinqtonun təklif etdiyi sülh planına katolik Miladına qədər rəsmi cavab almaqda israrlıdır. Nəşr qeyd edir ki, Berlin danışıqları bu baxımdan həlledici mərhələ kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
88
25
poliqon.info

10Mənbələr