Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv olmaq ideyasından bir şərtlə imtina etməyə hazır olduğunu bildirib.
“ABŞ ilə ikitərəfli razılaşma və Rusiyanın yenidən hücum etməməsi üçün Avropa İttifaqı və digər ölkələrdən zəmanət təmin ediləcəyi təqdirdə, Şimali Atlantika Alyansına daxil olmaqdan imtina edə bilərik”, - deyə dövlət başçısı vurğulayıb.
Politoloq Elçin Xalidbəyli Redaktor.az-a açıqlamasında qeyd etdi ki, hazırda həm Qərb, həm də Ukrayna üçün ən ciddi müzakirə mövzusu məhz Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi ilə bağlıdır:
"Çünki hazırda belə bir situasiya yaranıb ki, Ukrayna öz gələcək taleyinin qeyri-müəyyən olduğunu anlayır; ona görə də Qərbin dəstəyi ilə Rusiyaya qarşı bu savaşda elə şərtlərlə çıxmaq istəyir ki, gələcəkdə Ukrayna dövlətinin mövcudluğu neqativ istiqamətə yönəlməsin. Rəsmi Kiyev anlayır ki, Ukrayna üçün ən ciddi təhlükəsizlik təminatı məhz Ukraynanın NATO-ya tam hüquqlu üzv qəbul olunmasıdır. Ancaq Rusiya buna ciddi şəkildə qarşı çıxır və hətta Kreml xatırladır ki, Ukrayna savaşının başlanmasında Ukraynanın NATO-ya üzvlük məsələsi əsas problem kimi ortaya çıxmışdı. Yəni Kreml bütün imkanlarından istifadə edərək Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxır".

Politoloq bildirdi ki, bəzi Qərb dövlətləri də Ukraynanın NATO-ya üzv qəbul olunmasında maraqlı deyillər:
"Xüsusilə də Amerika Birləşmiş Ştatları Ukraynanın NATO-ya üzv qəbul olunmayacağını artıq bir neçə dəfə bəyan edib. Burada əsas məsələlərdən biri ondan ibarətdir ki, Ukraynanın NATO-ya üzv qəbul olunması bütövlükdə NATO-nun, o cümlədən də bu quruma üzv dövlətlərin Ukraynanın üzərində olan bütün problemlərə ortaq olması deməkdir. Bu ortaqlığın sırasına NATO-nun Rusiya ilə qarşıdurma vəziyyətinə keçməsi də daxildir. Ona görə də NATO-nun aparıcı avanqard dövlətləri Ukraynanı bu qurumun tərkibində görmək istəmirlər".
E.Xalidbəylinin sözlərinə görə, Avropa İttifaqı da Ukraynaya təhlükəsizlik təminatı verilməsi məsələsində nisbətən tərəddüdlü mövqe tutur, çünki əslində Avropa İttifaqı ölkələrinin özlərinin təhlükəsizlik təminatına ehtiyacı var.
"ABŞ Avropa qitəsi üzərində qurduğu təhlükəsizlik çətirini artıq tədricən geri çəkməyə başlayıb. ABŞ və Avropa Birliyi arasında bu məsələ ilə bağlı, yəni təhlükəsizlik mövzusu ilə bağlı kifayət qədər ciddi ziddiyyətlər mövcuddur. İndi Avropa Birliyi ölkələri öz təhlükəsizliklərini təmin etmək üçün hərbi xərcləri, müdafiə xərclərini artırmaq məcburiyyətində qalıblar və bu istiqamətdə də artıq ciddi addımlar atırlar. Ona görə də Avropa İttifaqı ölkələri də Ukraynaya təhlükəsizlik təminatı vermək mövzusunda bir qədər tərəddüdlü mövqe tuturlar. Yəni bütün bunları nəzərə alanda belə anlaşılır ki, sülh sazişi imzalanacağı təqdirdə Ukraynaya təhlükəsizlik təminatının verilməsi ilə bağlı məsələ qeyri-müəyyən qala bilər. Bu da o deməkdir ki, Ukrayna üçün Rusiya təhlükəsi sülh sazişindən sonra da aktual olaraq qala bilər", - deyə o yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.