Rusiya Ukrayna münaqişəsinin nizamlanmasında Ukraynanın NATO-ya üzv olmaması ilə bağlı təhlükəsizlik zəmanətlərini əsas, təməl məsələlərdən biri hesab edir.
Bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Peskov bildirib ki, NATO məsələsi ayrıca və xüsusi müzakirə predmeti olmalıdır. Onun sözlərinə görə, Moskva ABŞ-dən Berlində Ukrayna üzrə aparılan danışıqların nəticələri barədə rəsmi məlumat gözləyir, lakin hazırda Rusiya və ABŞ bu danışıqların gedişini müzakirə etmir.
Kremlin sözçüsü vurğulayıb ki, Ukrayna böhranının həlli üçün konkret vaxt çərçivələri müəyyənləşdirmək düzgün yanaşma deyil və bunu “nankor iş” adlandırıb.
O, qeyd edib ki, Rusiya müvəqqəti fasilələrə, vaxt udmağa hesablanmış siyasi gedişlərə və aldatma cəhdlərinə qarşıdır.
Bəs, NATO məsələsinin bu qədər prioritetləşdirilməsi danışıqların gedişinə necə təsir edə bilər və Rusiya-ABŞ dialoqunda sülh prosesinin real imkanları nələrdir?”
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Samir Əsədli bildirib ki, Ukraynanın NATO-ya üzvlük məsələsi regionun təhlükəsizlik gündəliyinin əsas mövzularından biridir: “Rusiya ilə münaqişə fonunda Kiyev alyansa inteqrasiya prosesini sürətləndirməyə çalışsa da, bu addım yalnız NATO üzvlərinin yekdil razılığı ilə mümkündür. Hələlik bütün müttəfiqlər arasında tam razılıq yoxdur. Buna baxmayaraq, Ukraynanın alyansa qoşulması ilə bağlı müzakirələr davam edir və bu məsələ Avropanın gələcək təhlükəsizlik arxitekturası üçün böyük əhəmiyyət kəsb edir. Rusiya Avropa Birliyinə və Ukraynanın bu birliyə inteqrasiyasına qarşı deyil. Lakin Ukraynanın NATO üzvlüyünün əleyhinədir. NATO ilə bağlı verilən vədlər artıq Ukrayna xalqı üçün inandırıcılığını itirib. Hətta Ukrayna sabah, 10 il və ya 15 il sonra NATO üzvü olsa belə, bu, xalq üçün arzulanan xoşbəxtliyi gətirməyəcək. NATO üzvü olmaq heç də bütün problemlərin həlli demək deyil”.

Əsədli qeyd edib ki, Ukraynanın Krımı və Donbası nə vaxtsa yenidən əvvəlki kimi geri qaytara bilməsi qeyri-müəyyəndir:
“Bir beynəlxalq təşkilata üzv olmaq naminə Krım və Donbası itirməyə dəyməzdi. Hazırda baş verən proseslər onu göstərir ki, ABŞ-nin yeni strategiyası Ukraynanın gözləntiləri ilə üst-üstə düşmür və Kiyevi daha mürəkkəb seçimlər qarşısında qoyur. Ukrayna rəhbərliyi hazırda həm daxili ictimai rəyin, həm döyüş meydanındakı vəziyyətin, həm də Qərbin dəyişən siyasətinin təzyiqi altındadır. Vaşinqtonun strateji diqqətinin Avropadan uzaqlaşması və Rusiyaya münasibətdə daha praqmatik yanaşmaya keçməsi Avropa İttifaqının da öz təhlükəsizlik arxitekturasını təkbaşına gücləndirməsinə zərurət yaradır. Bu situasiya həm transatlantik münasibətlərdə yeni gərginlik xətti formalaşdırır, həm də NATO daxilində gələcək parçalanma ehtimallarını artırır. Nəticə etibarilə, ABŞ-nin prioritet dəyişiklikləri təkcə Ukraynanın deyil, bütövlükdə Avropa təhlükəsizlik sisteminin gələcəyinə təsir göstərə biləcək strateji dönüşü işarə edir”.