"Daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatı zamanı dövlət rüsumunun ödənilməsindən azad olunanların kateqoriyasına təltifi olan müharibə veteranlarının da daxil edilməsi məsələsinə baxılması məqsədəuyğun olardı".
Moderator.az xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bugünkü plenar iclasında "Dövlət rüsumu haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu addım vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərin qorunması prinsiplərinə, habelə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini nəzərdə tutan normativ hüquqi aktların məqsədlərinə uyğundur:
"Eyni zamanda, hesab edirəm ki, layihənin icrasının daha effektiv təşkili məqsədilə dövlət rüsumlarından azadolma hüququ olan şəxslər barədə vahid elektron reyestrin yaradılması və bu məlumatların bütün dövlət xidmətlərinin, o cümlədən daşınmaz əmlakın dövlət qeydiyyatını həyata keçirən orqanların informasiya sistemlərinə inteqrasiya edilməsi məqsədəuyğun olardı. Bu addım hüquqi mexanizmlərin təkmilləşdirilməsinə, dövlət rüsumlarından azadolma hüququ olan şəxslərin bu hüquqlarını hansısa arayışla təsdiq edilməsi mexanizlərinin aradan qaldırılmasına və vətəndaşlar üçün prosedurların operativ və şəffaf icrasının təmin edilməsinə xidmət edər".