Türkiyənin Yalova şəhərində yaşadığı evin beşinci mərtəbəsindəki mənzilinin pəncərəsindən yıxılaraq ölən məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı istintaq davam edir.
Ölümdə şübhəli bilinən müğənninin qızı Tuğyan Ülkem Gülterin həbsindən sonra oğlu Tuğberk Yağız Gülterin altı saat ərzində prokurorluğa verdiyi maraqlı ifadə ortaya çıxıb.
Bu barədə Oxu.Az “Milliyet”ə istinadən xəbər verir.
Məlumata görə, Tuğberk Yağız Gülter hadisədən sonra evə daxil olmaqda yaşadığı çətinliklərdən danışıb, evə girdikdə mətbəxdə anasına məxsus olan yarıya qədər şərabla dolu qədəh, bir külqabı və qəlyanaltı qabı gördüyünü bildirib:
“Anamın otağında kiçik bir seyf var. Bu seyfin dəstəyi və kilidi qırıq olduğu üçün anam orada pul və ya qızıl saxlamazdı. Aldığı bilərzikləri də həmişə qolunda gəzdirərdi. Mən anamın seyfindən yaşıl kürək çantasını götürdüm. Bu çantanın içərisində nənəmin kəsilmiş saçları, anamın bank hesabının kitabçaları, anamın yazdığı mahnı sözləri və anamın müəllif hüquqları ilə bağlı sənədlər, anamın köhnə nikah şəhadətnaməsi, atamın satdırdığı köhnə torpaq sahələrinin sənədləri və ev satış sənədləri kimi kağızlar var idi. Anamın evində qızıl yox idi. Dediyim kimi, hamısını qolunda gəzdirirdi”.
Tuğberk Gülter hadisənin baş verdiyi anlara aid olduğu bildirilən səsyazısını dinlədiyini deyib və diqqətçəkən açıqlama verib.
“Anamın Tuğyanın otağına girdikdən sonrakı səsyazılarını internetdən dinləmişəm. Orada “Görüşərik” deyən şəxsin anam olduğunu düşünürəm, amma çox əmin deyiləm. Bəzi səsləri aydın eşidə bilməsəm də, anamın dediyi sözlər var, amma musiqi və rəqs səsləri səbəbindən aydın eşidə bilmirəm. Sizin “Məni burax” kimi eşitdiyiniz səs də anama aiddir. “Mən rəqs edə bilmirəm axı” sözləri də Sultana məxsusdur. Videoda eşitdiyim “Səni pəncərədən atacağam, pəncərədən tullanacaqsan?” sözlərini də bacım Tuğyan deyir”, – deyə o qeyd edib.
Tuğberk Yağız Gülter həmçinin anasının pəncərələrdən və hündürlüklərdən qorxduğu barədə də dəqiq məlumat verib. Onun sözlərinə görə, anası yalnız məcburi şəkildə yıxılmış ola bilər:
“Anam həmişə pəncərələrdən qorxardı. Hətta evi yığışdıran qadına da “Aman, diqqətli ol” deyərdi. O, açıq pəncərələrdən ürkürdü. Anamın həmin gün pəncərənin yanında olmasının yalnız üç səbəbi ola bilərdi: birincisi, açıq pəncərəni bağlamaq istəmiş ola bilər, ikincisi, əgər bir kəpənək və ya kiçik bir həşərat varsa, onu öldürmədən pəncərədən atmaq istəmiş ola bilər, üçüncüsü isə kimsə anamı pəncərənin yanına aparmış ola bilər. Çünki anam səbəb olmadığı halda açıq pəncərənin olduğu yerə heç vaxt getməzdi”.
Tuğberk Gülter anasının Tuğyanın sevgilisi Kervanla münasibətinə qəti şəkildə qarşı olduğunu da vurğulayıb və keçmişdəki hadisələri detalları ilə danışıb.
“Anam Kervandan nifrət edərdi. Tuğyan həyatındakı kişiyə görə hər kəsə qarşı çıxa bilər… Bacım həyatındakı kişiyə görə hər şey edə biləcək bir xasiyyətə sahibdir. Anam Kervan evli olduğuna və baş verən hadisələrə görə bu münasibətə qarşı idi”, – deyə o bildirib.
Tuğberk Gülter prokurorun “Tuğyan Kervan üçün ananızı öldürə bilərmi?” sualına da cavab verib:
“Üzərimə günah götürmək istəmirəm, amma Kervan üçün bunu edə biləcəyini düşünürəm. Çünki münasibət məsələlərində zəif xarakterlidir… Əgər edibsə, şikayətçiyəm”.
O, həmçinin bacısının əvvəllər narkotik maddədən istifadə etdiyini və çox yalanlar deyən biri olduğunu da bildirib.