Arabesk musiqisinin tanınmış siması Güllünün şübhəli ölümü ilə bağlı aparılan istintaqda yeni sübutlar məhkəmə işinin materiallarına daxil edilib.
Musavat.com-un xəbərinə görə, “Qəsdən adam öldürmə” maddəsi ilə həbs edilən Tuğyan Ülkem Gülterlə anası arasında baş verən mübahisələrin səs yazıları deşifrə edilərək iş materiallarına əlavə olunub.
Səs yazılarının qeydə alınması ilə yanaşı, diqqət çəkən digər mühüm məqam isə Tuğyanın həmin mesajları sevgilisi Kervana göndərməsi olub.
Səs yazılarının birində Tuğyan Ülkem Gülter anasına deyir:
“Bu həyatda ən çox sənə bənzəyirik. Ən çox da səni qısqanıram. Sən də məni qısqanırsan. Bu dünyada ən çox səni həzm edə bilmirəm, ana”.
Güllünün isə bu sözlərə “Gözümün nuru” deyərək cavab verməsi diqqət çəkib.
Məlumata görə, Tuğyanın anasının fotosunu çəkərək Kervana göndərdiyi mesaj da istintaq materiallarında mühüm sübut kimi yer alıb. 4 aprel 2025-ci il tarixli fotoda Güllünün mətbəxdə yemək hazırladığı və qolunda çox sayda qızıl bilərziyin olduğu görünür. Tuğyanın bu fotonu sevgilisinə “Ərinə salam söylə deyir” mesajı ilə göndərdiyi bildirilib. Güllünün ölümündən sonra isə həmin bilərziklərin yoxa çıxdığı qeyd olunub.

Güllünün oğlu Tuğberk Yağız Gülter prokurorluqda verdiyi ifadəsində bacısının sevgilisi naminə anasını öldürə biləcəyini iddia edib. O bildirib:
“Bacım həyatındakı kişi üçün ətrafındakı hər şeyi silib ata bilər. Kervanı çox sevirdi. Kervan evli olduğuna və əmisi ilə yaşadığına görə anam bacımla yola getmirdi. Tuğyan Kervan üçün hər şey edə bilər. Onun naminə etməyəcəyi heç nə yoxdur. Çünki bacım münasibətlər məsələsində zəif xarakterlidir. Əvvəlki münasibətlərində də eyni davranışı göstərib”.
Xatırladaq ki, sənətçi Güllü ötən il, sentyabrın 26-da Yalovanın Çınarcık məhəlləsində 5-ci mərtəbədəki mənzilinin pəncərəsindən yıxılaraq dünyasını dəyişib.