AZ

“Gəmilərin vurulmasına görə Türkiyə ilə Rusiya arasında gərginlik yaranmasından danışmaq doğru deyil...”

“Digər tərəfdən, hazırkı mürəkkəb geo-siyasi durumda Türkiyə  nə Rusiya, nə də Amerika ilə münasibətlərin gərginləşməsində maraqlı deyil...”
 
Xəbər verildiyi kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son günlər Qara dənizdə Rusiya və Ukrayna tərəfindən  mülki gəmilərə edilən hücumlara münasibət bildirib. 16-cı səfirlər konfransında çıxış edən Ərdoğan mülki gəmilərə hücumlarla bağlı Rusiya və Ukraynaya xəbərdarlıq etdiklərini vurğulayıb.
 
“Ticarət gəmilərini və mülki gəmiləri hədəf almaq heç kimə fayda verməyəcək. Bu məsələ ilə bağlı xəbərdarlıqlarımızı hər iki tərəfə açıq şəkildə çatdırırıq”, - Ərdoğan qeyd edib.
Bəzi şərhçilər son günlər konkret olaraq Rusiya hərbi qüvvələri tərəfindən Qara dənizdə hərəkət edən Türkiyə gəmilərinə zərbələr endirilməsini Kremlin bu dənizdə Ankaraya qeyri-rəsmi savaş elanı kimi də dəyərləndirir.
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə siyasi analitik, İstanbul Universitetinin doktorantı Teymur Qasımlı bunları söyləyib:
 
“Birincisi, Qara dənizdə Tükiyə gəmilərinin vurulması diqqət edirsizsə, Rusiya Ukrayna müharibəsi ilə bağlı ABŞ-Ukrayna-Avropa- Rusiya tərəfləri arasında danışıqlar ərəfəsində baş verir. Bu, çox maraqlıdır.
 
İkincisi, Qara dənizdəki insidentlə bağlı Türkiyə dövləti faktiki susur və konkret olaraq Rusiyaya qarşı ciddi bir fikir səsləndirmir.  Sadəcə, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi istintaqı, araşdırmalarıı gedir. 
 
Digər tərəfdən, Qara dənizdə baş verənlərdə təəccüblü bir şey yoxdur. Burada geostrateji oyunlar gedir. Krımın işğalı və digər məsələlər də Rusiya üçün önəmlidir. Və Krım əslində Qərb dövlətləri və NATO üçün də önəmlidir.
 
Gəmilərin vurulmasıyla bağlı Rusiyaya sərf edən bir versiya ondan ibarətdir ki, guya Rusiyanın “Şaxed” dronları Qara dənizdəki Ukranyna qüvvələrinə tərəf yönəlsə də,  idarəetmədən çıxaraq Türkiyə  gəmilərinə tərəf yönəlib. Sonuncu dronlarlardan birinə görə hətta Türkiyənin “F-16” qırıcıları qalxıb. 
 
İkinci versiya  Ukraniya tərəfindən Krımdakı Rusiya qüvvələri istiqamətinə buraxılan dronlar təsadüfən Türkiyə gəmilərinə dəyməsindən ibarətdir. Digər versiya isə, burada hansısa üçüncü tərəfin təxribatının olmasıyla bağlıdır.  
 
Bütün bunlarla belə, Türkiyə ilə Rusiya, yaxud Ukrayna ilə Türkiyə arasında gərginlik yaranmasından danışmaq, zənnimcə, doğru deyil. Sadəcə, Rəcəb Tayyib Ərdoğan həm Rusiya tərəfinə, həm də Ukrayna tərəfinə Qara dənizdə baş verənlərlə bağlı diqqətli olmaq barədə xəbərdarlıq edib. Qara dəniz loqistika və kommunikasiya baxımından da önəmli bir məkandır. Enerji resurslarının, ərzaq məhsullarının, texniki vasitələrinin mühəndislik qurğularının və s. daşındığı bir yerdir. Həmin daşınmalardan il ərzində on milyardlarla dollar gəlir əldə olunur və s. və ilaxır.
 
Ona görə də buradakı təxribatlarda üçüncü qüvvə də  rol oynaya bilər və s. Ona görə də tərəflər bu məsələni ciddi şəkildə araşdırmalıdır. Konkret olaraq Rusiya-Türkiyə münasibətlərinə gəldikdə, öncə dediyim kimi, arada ciddi bir gərginlik yoxdur.  Soyuqluq ola bilər. Amma həmin soyuqluq Qara dənizdəki insidentlərlə bağlı deyil, digər məsələlərdən qaynaqlanır. 
 
Bu günlərdə Putinlə Ərdoğan Aşqabadda  40 dəqiqə yaxın maraqlı və səmərli bir görüş keçirib. Türkiyə lideri bir daha təkrar edib ki, Putini İstanbulda - Türkiyədə görmək istəyirik. Digər tərəfdən, hazırkı mürəkkəb geo-siyasi durumda Türkiyə  nə Rusiya, nə də Amerika ilə münasibətlərin gərginləşməsində maraqlı deyil..."
 
Seçilən
49
50
moderator.az

10Mənbələr