AZ

Rusiyanın Türkiyə üzrə təhlükəli planları və hesabları var

MediaTürk TV-də yayımlanan “Net Baxış 360 Dərəcə” proqramında jurnalist Serdar Şengülün suallarını cavablandıran ehtiyatda olan Hərbi Hava Qüvvələri komandanı, Korgeneral Erdoğan Karakuş, Türkiyənin təhlükəsizlik gündəmi ilə bağlı mühüm açıqlamalar verib.

Modern.az xəbər verir ki, proqramda Kocaeli şəhərində qəzaya uğrayan və Rusiyaya məxsus olduğu iddia edilən PUA (pilotsuz uçuş aparatı), ABŞ–Rusiya münasibətləri, Qara dəniz və Şərqi Aralıq dənizində artan hərbi fəallıq, eləcə də Türkiyə–Azərbaycan hərbi əməkdaşlığı ətraflı şəkildə müzakirə olunub.

“ABŞ RUSİYAYA YAXINLAŞDIQCA, RUSİYA TÜRKİYƏ VƏ QAFQAZ ÜZRƏ YENİ HƏYALLAR QURUR”

Korgeneral Erdoğan Karakuş bildirib ki, ABŞ ilə Rusiya arasında son dövrlər müşahidə olunan yaxınlaşma yeni və təhlükəli prosesləri gündəmə gətirir və bu vəziyyət xüsusilə Türkiyə baxımından diqqətlə izlənilməlidir.

Onun sözlərinə görə:

“ABŞ Rusiyaya müsbət yanaşmağa başladığı andan etibarən Rusiya həm Türkiyə üzərində, həm də Qafqazda fərqli planlar qurmağa başlayır. Son hadisələr bunu açıq şəkildə göstərir.”

“ABŞ–RUSİYA YAXINLAŞMASI UKRAYNA ÜZRƏ PAZARLIQ MÜHİTİ YARADIB”

Karakuş qeyd edib ki, ABŞ və Rusiya arasında aparılan danışıqlar Ukrayna məsələsi ətrafında yeni bir siyasi və hərbi atmosfer formalaşdırıb və bu proses Rusiyanın əsl niyyətlərini daha aydın şəkildə üzə çıxarıb.

“Yaranan bu yeni şərait Rusiyanın atdığı addımlarla real məqsədlərini açıq şəkildə göstərməyə başlayıb”, – deyə o vurğulayıb.

“QƏZAYA UĞRAYAN PUA NİYƏ RADARLARDA AŞKAR EDİLMƏDİ? BU MƏSƏLƏ ARAŞDIRILMALIDIR”

Kocaelidə qəzaya uğrayan PUA ilə bağlı texniki məqamlara toxunan Korgeneral Karakuş bildirib ki, hadisə hərtərəfli araşdırılmalıdır.

“Bu PUA-nın hava radarlarında niyə aşkar edilməməsi çox ciddi sualdır və mütləq şəkildə detallı araşdırılmalıdır.”

O, təxminən iki həftə əvvəl qəzaya uğrayan başqa bir PUA-nın radar sistemləri tərəfindən aşkar edildiyini xatırladaraq, mövcud hadisənin adi texniki nasazlıqdan daha fərqli ola biləcəyini istisna etməyib.

“TÜRKİYƏ NATO ÜZVÜDÜR, QARA DƏNİZ VƏ ARALIĞ DƏNİZİNDƏKİ HADİSƏLƏR TÜRKİYƏYƏ TƏSİR ETMƏYƏCƏK”

Qara dəniz və Aralıq dənizində artan hərbi fəallığı şərh edən Karakuş vurğulayıb ki, Türkiyə regional təhlükəsizlik baxımından güclü mövqeyə malikdir.

“Türkiyə NATO üzvüdür. Qara dənizdə və Aralıq dənizində baş verən hərbi proseslər Türkiyəni sarsıtmayacaq.”

“AVROPA BİRLİYİNİN TÜRKİYƏYƏ TƏHLÜKƏSİZLİK, MÜDAFİƏ VƏ İQTİSADİ SAHƏLƏRDƏ EHTİYACI VAR”

Avropa Birliyinin Türkiyəyə olan ehtiyacının son açıqlamalarda açıq şəkildə ifadə olunduğunu bildirən Karakuş, xüsusilə Yunanıstan və Cənubi Kipr Rum İdarəsinin (CKRİ) buna qarşı çıxmasının diqqət çəkdiyini deyib.

“Avropa Birliyi Türkiyəyə ehtiyac duyduğunu bildirir, lakin Yunanıstan və Cənubi Kipr bu reallığı qəbul etmək istəmir.”

Karakuş əlavə edib ki, Cənubi Kiprin atdığı addımlar qalıcı deyil, müvəqqəti gündəm yaratmaq cəhdidir.

“TÜRKİYƏ–AZƏRBAYCAN HƏRBİ İTTİFAQI BÜTÜN TƏRƏFLƏRƏ GÜCLÜ MESAJDIR”

Zəngəzur dəhlizi ilə bağlı son müsbət inkişaflara və Türkiyə–Azərbaycan hərbi əməkdaşlıq sazişinin Türkiyə Böyük Millət Məclisində təsdiqlənməsinə toxunan Karakuş bildirib ki, bu hadisələr regional aktorlara açıq mesaj verir.

“Azərbaycan Qafqaz coğrafiyasında mühüm gücdür. Türkiyə ilə hər şəraitdə birlikdə hərəkət edəcəyini təsdiqləməsi bütün diplomatik dairələr üçün ən güclü mesajdır.”

Korgeneral Erdoğan Karakuş vurğulayıb ki, Türkiyə və Azərbaycanın hərbi-strateji birliyi bölgədə sülh və sabitliyin əsas təminatçılarından biridir.

 

Serdar Şengül

Seçilən
28
1
modern.az

10Mənbələr