AZ

Azərbaycan Doha sammitinə getmədi – səbəb Türkiyə…

Qətərin paytaxtı Dohada ABŞ Mərkəzi Komandanlığının dəstəyi ilə Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi mümkünlüyü ilə bağlı beynəlxalq konfrans keçirilib. Tədbirə 45-dən çox ölkədən nümayəndənin qatılacağı gözlənilirdi, lakin dəvət siyahısı tərtib olunarkən ciddi fikir ayrılıqları yaranıb.

Türkiyənin konfransda iştirakına İsrail əngəl törədib, rəsmi dəvət alan Azərbaycan isə nümayəndə göndərməmək qərarına gəlib. Haqqın.az İsrailin “Haaretz” qəzetinə istinla yazır ki, ABŞ İsrailin vetosunu nəzərə alaraq Ankaraya dəvət göndərməyib. Qəzetin mənbələrinə görə, Türkiyənin iştirak etməməsi prosedur deyil, sırf siyasi xarakter daşıyır. Nəşrin məlumatına görə, adı açıqlanmayan Qərb diplomatı və Türkiyə hökumətinə yaxın ərəb mənbəsi Ankaranın Vaşinqton və Doha ilə sıx əlaqələri olmasına baxmayaraq, iştirakçılar siyahısına daxil edilmədiyini təsdiqləyib.

“Haaretz” Türkiyənin oktyabrda Şarm əl-Şeyx sülh sammitinə dəvət edildiyini və Qəzza zolağı ilə bağlı beynəlxalq təşəbbüsləri açıq şəkildə dəstəklədiyini vurğulayıb. Onun sözlərinə görə, Ankaranın Doha görüşündə iştirakına qarşı çıxan yeganə ölkə İsrail olub. Beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi prezident Trampın Qəzza sülh planının ikinci mərhələsinin əsas elementi hesab olunur. İsrail də öz növbəsində, xüsusilə Qəzza müharibəsi başlayandan bəri ikitərəfli münasibətlərin kəskin şəkildə pisləşməsini nəzərə alaraq, Türkiyənin anklavda müharibədən sonrakı nizamlanmada iştirakına qarşı olduğunu dəfələrlə bəyan edib.

“Haaretz”in əldə etdiyi siyahıya əsasən, Doha görüşünə Misir, İordaniya, Azərbaycan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və İtaliya ilə yanaşı, Avropa, Asiya və Asiya-Sakit Okean hövzəsinin geniş dövlətləri dəvət olunub. BMT-yə üzv olmayan Kosovo Respublikası da siyahıya daxil edilib. Qəzet qeyd edir ki, Azərbaycan dəvət olunsa da, rəsmi Bakı Qəzza zolağına sülhməramlı kontingent göndərmək barədə düşünmədiyi üçün Dohaya nümayəndə heyəti göndərməyib.

“Haaretz” yazır ki, ABŞ-la bəzi məsləhətləşmələrə baxmayaraq, Azərbaycan yaxın gələcəkdə “İbrahim sazişləri”nə qoşulmağa hazır olmadığının siqnalını verib.

Qəzet vurğulayır ki, “İsraillə çoxdankı yaxın münasibətlərinə baxmayaraq, Azərbaycan bu sazişə yalnız təbliğat məqsədilə qoşulmağa ehtiyac görmür”.

Qərb mənbələri onu da təsdiqləyir ki, Doha görüşü formal xarakter daşıyırdı və heç bir məcburi qərarın qəbulu gözlənilmirdi. Mövcud məlumata görə, oxşar məsləhətləşmələr təxminən iki həftə əvvəl Vaşinqtonda baş tutub və növbəti müzakirələr hərbi rəhbərlik səviyyəsində yanvar ayına planlaşdırılıb.

Diplomat qeyd edib ki, Birləşmiş Ştatlar Qəzzada sabitləşdirmə qüvvələrinin təklif olunan strukturu və ayrı-ayrı ölkələrin mümkün töhfələri barədə daha ətraflı məlumat vermək niyyətindədir. İtaliya bu günə qədər gələcək kontingentdə iştirakını rəsmən təsdiqləyən yeganə ölkə olaraq qalır. Vaşinqton Tramp administrasiyasının Qəzza planının növbəti mərhələsi adlandırdığı mərhələyə doğru irəlilədiyi üçün yanvar görüşündə daha konkret razılaşmaların əldə olunacağı gözlənilir.

Bu arada İsrailin başqa bir qəzeti “The Jerusalem Post” yazır ki, beynəlxalq sabitləşdirmə qüvvələrinin elan edilmiş sayı 20 min əsgər olsa da, real şəraitdə 5000-dən çox olmayan şəxsi heyət toplamaq mümkün olacaq. Beynəlxalq sabitləşdirici qüvvələrin formalaşdırılması faktiki olaraq Fələstin Administrasiyasının iştirakı olmadan missiyada iştirak etmək istəməyən ərəb və müsəlman ölkələrinin mövqeyinə görə dalana dirənib.

Musavat.com

Seçilən
98
16
editor.az

10Mənbələr