2025-ci ilin yanvar-noyabr ayları ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin həcmi əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Hesabat dövründə pasiyent sayı 5 milyon 164 min 745 nəfər təşkil edib. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artım deməkdir. Ümumi müraciətlərin sayı 5, stasionar tibbi xidmətlər 6, ambulator xidmətlərin sayı isə 14 faiz artıb. Ümumilikdə 85 milyon 637 min 469 tibbi xidmət göstərilib. Bu göstərici 2024-cü il ilə müqayisədə 13 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən brifinqdə deyib.
O qeyd edib ki, cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib: "Fizioterapiya xidmətləri üzrə 1 milyon 242 min 334 xidmət, ilkin tibbi-sanitariya yardımı üzrə 5 milyon 8 min 442 xidmət göstərilib. Xüsusilə diqqətçəkən sahələrdən biri invaziv radioloji xidmətlər (angioqrafiya) olub. Bu xidmətlər üzrə 4 min 105 prosedur icra edilib ki, ötən ilə nisbətən 37 faiz artım qeydə alınıb. Laboratoriya xidmətləri üzrə 19 faiz artımla 36 milyon 405 min 17 analiz aparılıb”.