AZ

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

“Avropa Parlamentinin dekabrın 18-də Azərbaycana

qarşı qəbul etdiyi qətnamənin heç bir əsası yoxdur. Yalan və böhtandan ibarət

olan bu “sənəd” ölkəmizin inkişafını istəməyən qüvvələrin sifarişi nəticəsində

ortaya çıxıb”.

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev

deyib. Deputat bildirib ki, Avropa parlamentariləri guya ölkəmizdə “siyasi məhbusların”

olduğunu, insan haqlarının pozulduğunu iddia ediblər. Hətta onlar müharibə

cinayətləri törətmiş erməni əsilli məhbusları müdafiə etməkdən də çəkinməyiblər.

Bütün bunlar isə təkcə ikili standarların deyil, bəşəri dəyərlərin ayaqlar

altına atılmasıdır. Nəzərə alaq ki,  Ermənistan

parlamentinin mühakimə edilən erməni canilərlə bağlı hər hansı qətnaməsi

olmadığı halda, Avropa Parlamentinin bu məsələdə canfəşanlıq etməsi suallar

doğurur. Bu fakt bir daha təşkilatın korrupsiyaya qurşanmasının göstəricisidir.

Millət vəkilinin sözlərinə görə, ölkəmizdə

insan hüquqları yüksək səviyyədə qorunur, humanizm siyasəti davamlı olaraq həyata

keçirilir. Prezident İlham Əliyev təşəbbüsü ilə qəbul olunmuş amnistiya aktı da

bunun bariz nümunəsidir.

Digər tərəfdən, təşkilat bu mövqeyi ilə Cənubi

Qafqazda sülh və sabitliyin təmin edilməsinə maraqlı olmadığını təsdiqləyir.

Hazırda bölgədə sabitlik hökm  sürür, tərəflər

8 avqust Vaşinqton razılaşmasına uyğun olaraq etimad quruculuğu yönündə

addımlar atır. Avropa Parlamenti isə öz mövqeyi ilə sülh prosesinə zərbə

vurmağa çalışır.

Samir Vəliyev qeyd edib ki, təşkilatın qəbul

etdiyi qətnamənin ölkəmizə qarşı heç bir siyasi, iqtisadi və digər təsir gücü

olmayacaq. Son zamanlar Avropa Parlamentinin rəhbərliyində korrupsiya

faktlarının aşkar olunması, bu təşkilatın sifarişlər əsasında qətnamələr

hazırlamasının bariz nümunəsi kimi qiymətləndirilməlidir. İkili standartlar,

reallıqları gözə almamaq və işğalçıya dəstək artıq çoxdan bu təşkilatın fəaliyyət

prinsipinin əsasını təşkil edir.

“Artıq Milli Məclis Avropa Parlamentinə etiraz

bəyanatı qəbul edərək öz mövqeyini ifadə edib. Təşkilatın qətnaməsinin heç bir

hüquqi qüvvəsi yoxdur. Azərbaycan dünyada nüfuzlu dövlətdir. Ölkəmiz Avropa

İttifaqı ilə fəal əməkdaşlıq edir. Bütün bunların fonunda  Avropa Parlamenti Azərbaycanın beynəlxalq

imicinə zərbə vurmaq üçün uğursuz cəhdlər edir. Amma unutmamalıdırlar ki, dövlətimiz

güclüdür və heç bir qüvvə bizimlə diqtə dilində danışa bilməz!”-deyə deputat

vurğulayıb.

 

“Azərbaycan”

Seçilən
59
1
azerbaijan-news.az

4Mənbələr