AZ

Avropa Birliyi Ukraynaya 90 milyard avroluq kredit ayırdı

Brüsseldə 18–19 dekabr tarixlərində keçirilən Avropa Birliyi sammitində Ukraynanın büdcə defisitinin maliyyələşdirilməsi məsələsi müzakirə olunub və gözlənilməz şəkildə Ukrayna üçün uğurlu nəticə əldə edilib.

NOCOMMENT.az xəbər verir ki, sammitdə xüsusilə Rusiya aktivlərinin dondurulmasından istifadə etməklə Ukraynaya maliyyə yardımı verilməsi məsələsi ətrafında gərgin müzakirələr aparılıb.

Əsas mübahisə mövzusu “reparasiya krediti” olub.

Bu, dondurulmuş Rusiya vəsaitlərinin Ukraynanın cari maliyyələşdirilməsində istifadə olunmasını nəzərdə tuturdu. Ən çox müqavimət Belçikadan gəlib, çünki “Euroclear” də depozitarında Rusiya aktivlərinin əksəriyyəti məhz orada saxlanılır. Belçika hökuməti mümkün məhkəmə iddiaları və aktivlərin qarşılıqlı müsadirəsi riski səbəbindən ehtiyatlı idi. Digər ölkələrin bir qismi də oxşar narahatlıqlarını ifadə edib.

Buna baxmayaraq, Avropa liderləri Ukraynanı maliyyəsiz buraxmaq imkanının olmadığını vurğulayıblar.

Belçika Baş naziri Bart De Vever qeyd edib ki, sammit razılaşması olmadan yekunlaşsaydı, bu Avropa Birliyinin geosiyasi nüfuzuna ciddi zərbə olardı.

Nəticədə, Ukraynaya 2 il müddətinə 90 milyard avroluq faizsiz və ödənişsiz kredit ayrılıb. Kreditin qaytarılması Rusiya tərəfindən Ukraynaya ödəniləcək gələcək reparasiyalardan təmin olunacaq. Bu vəsaitlərin əlavə çatışmayan hissəsi Beynəlxalq Valyuta Fondu vasitəsilə təmin ediləcək.

Sammitdə həmçinin bəzi ölkələr, o cümlədən Macarıstan, Slovakiya və Çexiya, Rusiya vəsaitlərinin dondurulmasına qarşı çıxsa da, Ukraynanın müdafiə xərcləri üçün maliyyə əldə etməsini bloklamayıblar. Sənədə əsasən, Ukrayna vəsaitləri öz və Avropa istehsalı olan silahların istehsalı və müdafiə imkanlarının gücləndirilməsinə xərcləyə biləcək.

Bu qərar Ukraynanı Avropa ölkələri ilə müdafiə və iqtisadi baxımdan daha sıx inteqrasiya edir və proses artıq geri qaytarıla bilməz. Rusiya vəsaitləri isə Avropa Birliyi tərəfindən hələlik ömürlük dondurulub və gələcəkdə onlardan istifadəyə baxılacaq.

Seçilən
102
50
nocomment.az

10Mənbələr