İngiltərənin “Liverpul” klubunun hücumçusu Aleksander İsak İsveçdə ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatını qazanıb.
Arena.az xəbər verir ki, futbolçuya mükafat İsveç Futbol Assosiasiyası tərəfindən təqdim olunub.
2025-ci ildə 26 yaşlı İsak “Nyukasl”, “Liverpul” və İsveç milli komandasında 42 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. O, mükafat uğrunda “Arsenal”ın hücumçusu Viktor Dyökereşi geridə qoyub.
Xatırladaq ki, “Liverpul” İsakı 2025-ci ilin yayında İngiltərənin digər klubu “Nyukasl”dan 144 milyon avro müqabilində heyətinə cəlb edib. 26 yaşlı futbolçu ilə müddəti 2031-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. O, “qırmızılar”ın heyətində 15 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
İsak daha öncə “Nyukasl”, “Real Sosyedad”, AİK, “Villem II”, “Borussiya” (Dortmund) klublarında da çıxış edib.
Aleksander İsak 2017-ci ilin yanvar ayında debüt etdiyi İsveç yığmasının heyətində 56 oyun keçirib, 16 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 26 yaşlı isveçli hücumçunun transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.
