Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Cənubi Qafqazın yeni sülh arxitekturası, regional diplomatiya və media savadlılığı” mövzusunda təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimin əsas məqsədi Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlar, Azərbaycan-Ermənistan sülh prosesi və bu proseslərin beynəlxalq siyasi əhəmiyyəti barədə media nümayəndələrinin peşəkar və analitik hazırlıq səviyyəsinin artırılmasına töhfə vermək olub.
Tədbirin açılışında BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxış edərək bildirib ki, artıq üçüncü ildir xarici siyasət sahəsində media təlimlərinin təşkili bu istiqamətdə ixtisaslaşan jurnalistlərin məlumatlılığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. O vurğulayıb ki, media nümayəndələrinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi milli maraqların beynəlxalq müstəvidə düzgün və obyektiv şəkildə təqdim olunması üçün vacibdir.
Təlimin birinci hissəsində XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “8 Avqust: Vaşinqtonda Azərbaycan-Ermənistan sülh müqaviləsinin paraflanması və Cənubi Qafqazda sülhün təmini istiqamətində növbəti addımlar”, BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyev “Azərbaycan-Türk Dövlətləri Təşkilatı münasibətləri: Ermənistanla davam edən sülh prosesi çərçivəsində”, XİN-in Təhlil və Strateji Araşdırmalar İdarəsinin rəisi Şahin Şahyarov isə “Cənubi Qafqazda formalaşmış yeni geosiyasi vəziyyətdə Azərbaycan Respublikasının rolu və qonşu dövlətlərlə münasibətləri” mövzularında çıxış ediblər.
İkinci hissədə BMTM-in şöbə müdiri Vasif Hüseynov “Vaşinqton görüşündən sonra Azərbaycan-ABŞ və Azərbaycan–Fransa münasibətlərində yeni mərhələ, Aİ-nin Cənubi Qafqazdakı rolunun yenidən qiymətləndirilməsi”, BMTM-in aparıcı məsləhətçisi Sultan Zahidov isə “Azərbaycanın xarici siyasətində Asiya istiqaməti: C6, AQEM və digər formatlar çərçivəsində əməkdaşlıq perspektivləri” mövzularında təlim iştirakçılarını məlumatlandırıblar.
Təlim zamanı iştirakçıların çoxsaylı sualları cavablandırılıb. Tədbirdə 19 media nümayəndəsi iştirak edib. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.