İsrail Suriyanın yeni prezidenti Əhməd əş-Şaraanın mövqelərini zəiflətmək məqsədilə ölkədəki druz silahlı qruplarına dəstək göstərib.
NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə The Washington Post nəşri hazırkı və keçmiş israilli rəsmilərə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, artıq 2024-cü ilin dekabrında — Bəşər Əsəd rejiminin devrilməsindən cəmi doqquz gün sonra — İsrail hərbçiləri druz silahlı dəstələrinə silah ötürüb. Yardıma təxminən 500 tüfəng, döyüş sursatı və bronjiletlər daxil olub.
Məqalədə qeyd olunur ki, İsrailin əş-Şaraaya münasibəti onun keçmiş fəaliyyəti səbəbindən ehtiyatlı olaraq qalır. Belə ki, o, təxminən on il əvvəl formal olaraq “Əl-Qaidə” terror təşkilatı ilə əlaqələri olan silahlı qruplaşmaya rəhbərlik edib.
İsraildən druzlara silah tədarükünün pik dövrü 2025-ci ilin aprel ayına təsadüf edib. Avqust ayında isə bu ötürmələr dayandırılıb. Buna səbəb kimi Əhməd əş-Şaraa ilə başlayan danışıqlar, eləcə də israilli rəsmilərin druz qüvvələrinin etibarlı hərbi tərəfdaş olub-olmaması və qarşıya qoyulan məqsədləri reallaşdıra bilməsi ilə bağlı şübhələri göstərilir.
Bununla belə, İsrail druz icmasına qeyri-öldürücü hərbi avadanlıqların çatdırılmasını davam etdirir. Bildirilir ki, hazırda havadan bronjiletlər və tibbi ləvazimatlar atılır.